Azərbaycan nümayəndə heyəti Misirdə keçiriləcək iqtisadi forumlara dəvət edilib

Azərbaycan nümayəndə heyəti Misirdə keçiriləcək iqtisadi forumlara dəvət edilib Şarm əl-Şeyx arasında birbaşa hava reysinin açılması, həmçinin Misirdə Azərbaycan həftəsinin keçirilməsi təklif edilir
Sənaye
27 May , 2015 19:41
Azərbaycan nümayəndə heyəti Misirdə keçiriləcək iqtisadi forumlara dəvət edilib

Bakı. 27 may. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Misirin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev ölkələr arasında əlaqələrin uğurla davam etdiyini deyib.

Qeyd edilib ki, Azərbaycan nümayəndə heyəti bu yaxınlarda Misirdə keçirilmiş “Misirin iqtisadi inkişafı” mövzusunda beynəlxalq konfransda iştirak edib. Misir nümayəndə heyətinin Azərbaycana səfəri də iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Ölkələrin siyasi, humanitar və energetika sahəsində əməkdaşlıq etdiyini qeyd edən Şahin Mustafayev kənd təsərrüfatı, turizm, sənaye, alternativ enerji sahələrində əməkdaşlıq imkanlarının olduğunu bildirib.

Görüşdə iş adamları arasında əməkdaşlığın təşviq olunmasının əlaqələrin inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Misirin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Foda ölkəsinin güclü iqtisadiyyata malik Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. İki ölkə arasında əməkdaşlığın inkişafı baxımından qarşılıqlı səfərlərin intensivləşdirilməsinin önəmini qeyd edən Xalid Foda Azərbaycan nümayəndə heyətini bu ilin noyabrında və 2016-cı ildə Misirdə keçiriləcək iqtisadi forumlara dəvət edib. Turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdıran Xalid Foda Azərbaycan və Şarm əl-Şeyx arasında birbaşa hava reysinin açılmasını, eləcə də Misirdə Azərbaycan həftəsinin keçirilməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi