Azərbaycan indiyədək Karbamid Zavodunun inşasına 400 mln. avro xərcləyib

Azərbaycan indiyədək Karbamid Zavodunun inşasına 400 mln. avro xərcləyib Qeyd edək ki, layihənin ümumi dəyəri 900 mln. avrodan artıqdır
Sənaye
6 Sentyabr , 2016 13:38
Azərbaycan indiyədək Karbamid Zavodunun inşasına 400 mln. avro xərcləyib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt şəhərində həyata keçirdiyi Karbamid Zavodunun inşası layihəsi çərçivəsində indiyədək təxminən 360-400 mln. avro vəsait xərclənib. Bunu "Report"a Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bildirib.

X.Cəfərov xatırladıb ki, 150 mln. avro həcmində (Koreya "Eximbank"ından 100 mln. avro, Almaniya "Deutsche Bank"ından isə 50 mln. avro) qısamüddətli kredit cəlb edilib: "Cəlb olunması planlaşdırılan dövlət zəmanətli, uzunmüddətli kredit (500 mln. avro) həm də bu qısamüddətli kreditin ödənilməsinə yönəldiləcək".

Zavodun direktoru qeyd edib ki, 2015-ci ilin I rübünə qədər dövlət büdcəsindən də 206 mln. manat (o zamankı məzənnə ilə 190-195 mln. avro) vəsait cəlb edilib.

Qeyd edək ki, Karbamid Zavodunun inşası layihəsi dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər) çərçivəsində həyata keçirilir. Bu məqsədlə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin istifadəsində olan 24 hektar torpaq sahəsi ayrılıb və 2011-ci il dekabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı zavodunun inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə Dövlət Neft Şirkətinə təhvil verəcək. Koreya şirkəti zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və müəssisənin istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid istehsal edəcək.

Xatırladaq ki, kənar infrastruktur, vergilər, gömrük rüsumları nəzərə alınmaqla, layihənin ümumi dəyəri 900-920 mln. avro təşkil edir.

Son xəbərlər

Orphus sistemi