Yuxarı
    Bağlamaq

    Azərbaycan ifrat yüksək gərginlikli kabelin istehsalına başlayır

    Sınaq üçün istehsal edilən ilk kabelin beynəlxalq standartlara uyğunluğu yoxlanılacaq

    Bakı. 30 iyun. REPORT.AZ/ Sumqayıt Texnologiya Parkının (STP) Kabel Zavodu ifrat yüksək gərginlikli 500 kV-luq kabelin istehsalına başlayıb.

    “Report”a STP-nin Mətbuat Katibliyindən bildirilib ki, zavodun direktoru Adıgözəl Rəhmanovun sözlərinə görə, müəssisədə Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb: “Bu günədək müəssisədə 10, 35, 110, 220 kV-luq kabellərin istehsalı həyata keçirilib. Bu gün isə Azərbaycanın sənaye tarixində ilk dəfə olaraq 500 kV-lıq ifrat yüksək gərginlikli kabel istehsal edilib. Ümumi uzunluğu 1 km olan 500 KV-luq kabel istehsal edilib. Bu sınaq xarakterli idi. Kabelin bazara çıxarılması üçün beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyən sertifikat alınmalıdır. Bunun üçün yaxın günlərdə beynəlxalq sertifikatlaşdırma laboratoriyalarından birinə müraciət ediləcək. Bir il ərzində məhsulumuz sınaqlardan keçirildikdən sonra bütün parametrlərə və keyfiyyət göstəricilərinə cavab verdiyi təsdiqləndiyi halda, lazımi sertifikatı əldə edəcəyimizə əminəm. Çünki istehsal prosesində istifadə olunan avadanlıqlar ən son texnologiyalıdır, lazımi xammal Avropanın tanınmış markalarının məhsullarıdır”.

    A.Rəhmanov qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorunun əsas istehsal sahələrindən biri olan STP-nin Kabel Zavodu regionun ən iri kabel istehsalçısıdır. Onun dediklərinə əsasən, həm daxili, həm də xarici bazarlarda məhsul satışı həyata keçirən texnopark, yaxın zamanda yeni məhsulunu bazara çıxarmağı planlaşdırır: “Bu məhsula çox böyük ehtiyac var. 500 kV gərginlikli kabellər MDB ölkələri olmaqla, qonşu İran, Türkiyə və Yaxın Şərqdə istehsal olunmur. Ümumilikdə, bu cür kabellər 4-5 ölkədə istehsal olunur ki, bu siyahıya Azərbaycan da əlavə olunacaq. Bu cür kabellərin orta istehsal sürəti təxminən bir dəqiqədə 0,4 metrdir. Bu da izolyasiya qatının qalın olması və orada gedən vulkanizasiya prosesinin sürətilə əlaqədardır”.

    Qeyd edək ki, təməli 2009-cu il dekabrın 22-də qoyulan 125 metrlik qüllə artıq texniki olaraq istifadəyə verilib və sınaq üçün məhsul istehsalı həyata keçirilib. STP yaxın zamanda qeyri-neft sektorunun inkişafı üçün yeni layihələrə start verəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi