Yuxarı
    Bağlamaq

    ​Azərbaycan-Bolqarıstan iqtisadi əlaqələri müzakirə edilib

    Görüşdə Bolqarıstanın Azərbaycandakı səfiri Maya Hristova da iştirak edib

    Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Ş.Mustafayev Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın inkişaf etdiyini və əlaqələrin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev qeyri-neft sektorunun prioritet olduğunu diqqətə çatdırıb.

    Onun sözlərinə görə, iki ölkə arasında kənd təsərrüfatı, emal, qida sənayesi, turizm və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var və sənaye parklarında tətbiq olunan güzəştlərdən Bolqarıstan sahibkarları da yararlana bilərlər. Azərbaycan şirkətlərinin xarici ölkələrdə həyata keçirilən bir sıra layihələrdə uğurla iştirak etdiyini bildirən nazir investisiya qoyuluşu imkanlarını da qeyd edib.

    B.Lukarski ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb. Bolqarıstanlı nazir iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin və birgə tədbirlərin əhəmiyyətini qeyd edərək, Azərbaycanın iqtisadiyyat və sənaye nazirini, eləcə də iş adamlarını Bolqarıstana dəvət edib.

    Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə Bolqarıstanın Azərbaycandakı səfiri Maya Hristova da iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi