Azərbaycan ağır sənaye və maşınqayırmada investisiyaların stimullaşdırılmasının istiqamətlərini müəyyənləşdirəcək

Azərbaycan ağır sənaye və maşınqayırmada investisiyaların stimullaşdırılmasının istiqamətlərini müəyyənləşdirəcək Qonşu ölkələrə bilik və bacarıqlar ixrac ediləcək
Sənaye
20 Dekabr , 2016 14:33
Azərbaycan ağır sənaye və maşınqayırmada investisiyaların stimullaşdırılmasının istiqamətlərini müəyyənləşdirəcək

Bakı. 20 dekabr. REPORT.AZ/ Qlobal dəyər zəncirində iştirak üçün Azərbaycanda ağır sənaye və maşınqayırma sektoruna investisiyaların stimullaşdırılmasının 4 istiqaməti müəyyənləşdiriləcək.

“Report” xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə bildirilir.

Sənəddə qeyd olunur ki, kapital və digər maliyyə stimulları veriləcək, sənaye şirkətlərinin nizamnamə kapitalına vençur investisiyalar cəlb ediləcək, yerli müəssisələr rəqabətli qiymətlərlə əsas materiallarla təmin ediləcək, müxtəlif vergi güzəştləri tətbiq ediləcək. Xəritədə əksini tapan müddəalara görə, yüksək gəlir gətirən sahələrə investisiya qoyuluşu nəticəsində uzunmüddətli perspektivdə resurstutumlu əmtəə istehsalından innovativ yüksək texnologiyalar əsasında hazırlanan məhsul istehsalına keçid təmin olunacaq. Qeyd edilən uzunmüddətli məqsədlərin dayanıqlılığı üçün yüksəkixtisaslı işçi qüvvəsinin hazırlanması təmin ediləcək. Qonşu ölkələrə bilik və bacarıqlar ixrac ediləcək və Azərbaycan yüksəksəviyyəli peşə təhsili müəssisələrinə malik region ölkəsinə çevriləcək.

“2025-ci ildən sonrakı dövr üçün hədəf baxış Azərbaycanın ağır sənaye və maşınqayırma müəssisələrinin qlobal dəyər zəncirinin tərkib hissəsinə çevrilərək yüksək dəyər məhsulları seqmentində məşhur brendlərin istehsalında iştirak etməsinə və Azərbaycandan qonşu ölkələrə texniki bilik, “nou-hau”, səmərəli istehsal və idarəetmə metodları ixracına nail olmaqdır. Uzunmüddətli perspektivdə Cənubi Qafqaz regionunda dəyər zəncirinin ən yüksək seqmentlərində çalışan şirkətlər Azərbaycanda fəaliyyət göstərəcəklər. Bu məqsədə nail olmaq üçün xarici investisiyaların dəstəklənməsi ilə yanaşı, sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə zəruri maliyyə və texnologiya dəstəyinin göstərilməsi siyasəti davam etdiriləcək”, - deyə sənəddə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi