Yuxarı

​Azərbaycan 2020-ci ilə qədər Türkiyəyə 20 mlrd. dollara qədər investisiya yatırmağı düşünür

Türkiyəli nazir müxtəlif sahələrdə, o cümlədən gömrük sahəsində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb

Bakı. 3 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının gömrük və ticarət naziri Cenap Aşçı ilə görüşüb. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə nazir Şahin Mustafayev dövlət başçılarının siyasi iradəsi nəticəsində Azərbaycan və Türkiyə arasında siyasi və iqtisadi əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Nazirin sözlərinə görə, ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirilir və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi strateji layihələr uğurlu əməkdaşlığı şərtləndirən başlıca amillərdəndir. Hazırda Azərbaycanda 2600-dən çox türk şirkəti, Türkiyədə isə 1600-ə yaxın Azərbaycan şirkəti uğurla fəaliyyət göstərir. Ölkələr arasında qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. 2020-ci ilədək Türkiyəyə yatırılacaq investisiyaların 17-20 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Şahin Mustafayev əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən iqtisadiyyat və sənaye naziri qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet sahəsi olduğunu vurğulayıb, bu sahənin ÜDM-də payının artdığını qeyd edib.

Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, uğurla davam edən Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi üçün böyük iqtisadi potensialın olduğunu vurğulayıb. Türkiyənin Bakı-Tbilisi-Qars boru kəməri layihəsinə mühüm əhəmiyyət verdiyini qeyd edən Cenap Aşçı bu layihənin ölkələr arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib, müxtəlif sahələrdə, o cümlədən gömrük sahəsində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi