“Ağyoxuş” və “Tülallar” sahələrinin qızıl ehtiyatları müəyyənləşib

“Ağyoxuş” və “Tülallar” sahələrinin qızıl ehtiyatları müəyyənləşib “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni yataqların kəşfiyyatı və istehsalat sahələrinin genişləndirilməsi istiqamətində apardığı geoloji tədqiqat işləri nəticələrini verməkdədir.
Sənaye
2 Oktyabr , 2019 15:09
“Ağyoxuş” və “Tülallar” sahələrinin qızıl ehtiyatları müəyyənləşib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni yataqların kəşfiyyatı və istehsalat sahələrinin genişləndirilməsi istiqamətində apardığı geoloji tədqiqat işləri nəticələrini verməkdədir.

QSC-dən “Report”a verilən məlumata görə, 2018-ci ildə QSC-nin geoloqları tərəfindən hazırda fəaliyyət göstərən “Çovdar” qızıl mədəninin yaxınlığında aşkar edilmiş qızıl təzahürlü “Ağyoxuş” sahəsi, həmçinin Göygöl rayonunun cənubunda yerləşən “Tülallar” kəşfiyyat sahəsinin resurslarının ilkin hesablanması və səmərəliliyinin qiymətləndirilməsi məqsədilə cəlb edilən beynəlxalq nüfuzlu “Micon International” məsləhətçi şirkəti tərəfindən adıçəkilən sahələrin qızıl ehtiyatlarının potensialı 600 min unsiya qiymətləndirilir.

Sahələr üzrə ehtiyatların qiymətləndirilməsi məqsədilə “AzerGold” QSC tərəfindən ötən ildən etibarən intensiv geoloji kəşfiyyat işləri həyata keçirilməkdədir. Ümumilikdə, bu kəşfiyyat sahələri üzrə buruq-qazma işləri çərçivəsində ümumi dərinliyi 22 min metrdən çox olan 180 quyu qazılıb. Götürülmüş filiz nümunələri beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalara geokimyəvi analiz testləri üçün göndərilib. Əldə olunan ilkin nəticələr əsasında məsləhətçi şirkət tərəfindən ilkin ehtiyatlar hesablanıb və yerin təkində proqnozlaşdırılan ehtiyatların potensialı “Tülallar” sahəsi üzrə 500 min unsiya, “Ağyoxuş” sahəsi üzrə isə 100 min unsiya qiymətləndirilib. Bildirilib ki, bu sahələrin istismarından yüz milyonlarla ABŞ dolları məbləğində gəlirin əldə olunması gözlənilir.

Hazırda qeyd edilən kəşfiyyat sahələrinin qısa müddətdə hasilata verilməsi üçün resursların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, mədən layihələndirilməsi, metallurji və laborator tədqiqatlar və digər zəruri tədbirlər icra edilməkdədir.

“AzerGold”dan bildirilib ki, sözügedən ərazilərin “Çovdar” yatağı yaxınlığında yerləşməsi hasilat zamanı “Çovdar” qızıl mədəninin texniki resurslarından istifadə etməyə imkan verəcək ki, bu da layihənin iqtisadi səmərəliliyini daha da artıracaq. Cəmiyyət tərəfindən yeni layihələrin icrası iqtisadi mənfəətlərlə yanaşı, regionların inkişafı və yeni iş yerlərinin açılmasına da töhfə verəcək.  

Son xəbərlər

Orphus sistemi