Yuxarı
    Bağlamaq

    ADNSU ilin sonunadək “Made in Azerbaijan” brendi altında bazara məhsullar çıxaracaq - ƏLAVƏ OLUNUB

    Bakıda II Startap və İnnovasiya Festivalı keçirilir© Report.az

    İlk xəbər saat 11:42-də verilib

    Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 2017-ci ilin sonunadək layihələrdən bir neçəsi üzrə istehsalın təşkil edilməsini və məhsulların “Made in Azerbaijan” brendi altında bazara çıxarılmasını planlaşdırır.

    "Report"un verdiyi xəbərə görə, bu barədə ADNSU-nun rektoru, professor Mustafa Babanlı Universitetdə Lazer Mərkəzinin və II Startap və İnnovasiya Festivalının açılışı zamanı bildirib.

    "İndiyədək ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzində onlarla layihə hazırlanıb. Festivalda təqdim olunan 20 layihənin özəlliyi onların prototipinin hazırlanmasıdır. ADNSU 2017-ci ilin sonunadək həmin layihələrdən bir neçəsi üzrə istehsalın təşkil edilməsini və məhsulların “Made in Azerbaijan” brendi altında bazara çıxarılmasını planlaşdırır", - deyə rektor vurğulayıb.

    Qeyd edək ki, ADNSU-nun Lazer Mərkəzinin açılışını təhsil naziri Mikayıl Cabbarov edib. Mərkəzin ilk mərhələdə təhsil mərkəzi kimi fəaliyyət göstərərək tələbələrə bu sahədə biliklərin verilməsi nəzərdə tutulur. Nəzəri baza və biliklərlə yiyələndikdən sonra burada iqtisadiyyat və sənayenin müxtəlif sahələrində istifadə olunan avadanlıqların təmiri və bərpasının həyata keçirilməsi, eyni zamanda lazer başlıqların istehsalının təşkil olunması nəzərdə tutulub.

    ***

    Tədbirdə çıxış edən təhsil naziri M.Cabbarov bildirib ki, universitetlərdə startap layihələrinin icrası gənclər və ali məktəblərin özləri üçün yeni imkanlar yaradır: "Biz bu layihələri Azərbaycanın gələcəyinə yönəlmiş investisiya kimi qəbul edirik. Hazırda ali məktəblərlə bu yolun başlanğıcındayıq. Biz ali məktəblərlə birlikdə belə layihələrlə bağlı vahid milli platformadan çıxış etməliyik".

    Festivalda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə isə qeyd edib ki, İKT Azərbaycanda prioritet sahədir: "Bu sektorun inkişafı üçün məqsədyönlü fəaliyyət göstərilir. İKT Fondu layihələrə dəstək verir. İndiyədək 4 qrant müsabiqəsinə 600-dən çox layihə təqdim olunub, onlardan 100 layihə maliyyələşdirilib".

    Onun sözlərinə görə, Yüksək Texnologiyalar Parkına 300-dən çox startapçı müraciət edib, onlardan 29-u İnkubasiya Mərkəzində fəaliyyət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi