Zöhrə Əlimirzəyeva: "Pul xatirinə donorluq etmək istəyən insanlarda infeksiyaların çox olması riski var"

Zöhrə Əlimirzəyeva: "Pul xatirinə donorluq etmək istəyən insanlarda infeksiyaların çox olması riski var" Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə Gənc Qan Donorlarının II Forumu keçirilib
Sağlamlıq
6 İyun , 2015 11:34
Zöhrə Əlimirzəyeva: Pul xatirinə donorluq etmək istəyən insanlarda infeksiyaların çox olması riski var

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə Gənc Qan Donorlarının II Forumu keçirilib. "Report" xəbər verir ki, forumda çıxış edən Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə gənclərə müraciət edərək deyib ki, inkişaf etmiş ölkələrdə yaşı 25 olan insanlar 25 dəfə qan verirlər: "Arzu edərdim ki, bizim gənclər də bu təcrübədən istifadə etsinlər. Çünki hər il dünyada 108 milyon doza qan toplanır".

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva isə bildirib ki, 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib: "Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb. Bu günün keçirilməsində əsas məqsəd qan donorlarının edəcəyi xeyirxahlığa görə minnətdarlığın bildirilməsi, könüllü qan donorlarına hörmət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurətin vurğulanması, bununla da bütün dünyada könüllü donorluq ənənəsini yayaraq genişləndirməkdir".

Z.Əlimirzəyeva vurğulayıb ki, pul xatirinə donorluq etmək istəyən insanlarda infeksiyaların çox olması riski var.

Forum çərçivəsində məruzələr dinlənilib, donorların iştirakı ilə çəkilən "Qan ver həyat bəxş et!", "Qan donorluğu: sən onları xilas edə bilərsən!" videoçarxlar nümayiş olunub. Forumda həmçinin il ərzində qan donorluğuna dair fəaliyyətlərdə fəal iştirak edən təşkilat və mütəmadi qan donorları mükafatlandırılıb.

Forumun təşkilatçıları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyətidir.

Qeyd edək ki, Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə keçən il İSİM, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və digər təşkilatlardan ibarət işçi qrup yaradılıb.

Son xəbərlər

Orphus sistemi