Bakı. 12 avqust. REPORT.AZ/ Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi "Zəngəzur" şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul etsə də, müəssisə fəaliyyətini davam etdirir.
"Report"un əməkdaşı xəbər verir ki, şadlıq evinin qapısına möhür vurulmayıb. İşçilər fəaliyyətini davam etdirir.
"Zəngəzur" şadlıq sarayının əməkdaşı "Report"a müəssisənin fəaliyyətini davam etdirdiyini təsdiqləyib: "Restoran bağlanmayıb. Sadəcə, laborator müayinələr götürülüb, nəticələrini gözləyirik".
O əlavə edib ki, hadisə ilə əlaqədar saxlanılan olmayıb.
Qeyd edək ki, şadlıq evində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə əlaqədar aparılan laborator müayinələrin nəticələri məlum olub.
Xəstələrin mədə yuyuntusu və nəcis kütləsindən də nümunələrin götürüldüyünü xatırladan İ.Abdullayev deyib ki, təxminən 30 xəstədən 60 nümunə götürülüb: "Bütün nümunələrdə proteus bakteriyaları aşkar olunub. Həmçinin xəstələrin mədə yuyuntusu və nəcis nümunələrində müxtəlif növ bakteriyalara rast gəlinib".
O, həmçinin qeyd edib ki, Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qəbul etdiyi qərarı həm sahibkara, həm də aidiyyəti dövlət qurumlarına təqdim edib: "Həmçinin 80 nəfərədək insanın zəhərlənməsi səbəbi ilə rayon prokurorluğuna müraciət edilib. Sahibkar müəssisənin fəaliyyətini icazəsiz olaraq özbaşına bərpa etmiş olsa, o zaman məsuliyyət daşımış olacaq. Bir məsələ də var ki, şadlıq evinin fəaliyyəti davamlı olaraq qadağan edilməyib. Sadəcə, baş verən hadisəyə səbəb olan nüanslar aradan qaldırılmalıdır. Bunun üçün həmin müəssisəyə artıq gigiyenik tələblərin yerinə yetirilməsi barədə təkliflər verilib".
Xatırladaq ki, zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq üçün tibb müəssisələrinə müraciət etmişdi.
Foto: Orxan Əzim