Yuxarı
    Bağlamaq

    Psixoterapevt: "Yuxu pozğunluğunun qarşısını almaq üçün yuxu gigiyenasına əməl olunmalıdır"

    Mehriban Rzayeva: İnsan yatağına uzananda yatacağına tam əmin olmalı, yuxunun gəlməyəcəyindən qorxmamaldır

    Bakı. 28 mart. REPORT.AZ/ "Yuxu pozğunluğu hansısa bir xəstəlikdən qaynaqlanmadığı təqdirdə müəyyən qaydalara əməl etməklə bunu aradan qaldırmaq olar". 

    Bunu "Report"a psixiatr, psixoterapevt Mehriban Rzayeva bildirib.

    Onun sözlərinə görə, bunun üçün ilk növbədə yuxu gigiyenasına əməl edilməlidir: "Yuxu rejiminə əməl etmək lazımdır. Eyni saatda yatağa uzanmaq vacibdir. Yuxudan əvvəl ağır qidalar qəbul edilməməli, kofe, çay kimi içkilər içilməməlidir. Stress yaradan həyəcanlı filmlərə də baxmaq olmaz. Bundan başqa, yuxudan əvvəl təmiz havada gəzmək yaxşı effekt verir. Süd içmək önəmlidir, çünki yuxugətirici təsirə malikdir. Südün tərkibində yuxu hormonu olan melatoninin yaranmasına kömək edən maddələr var. Ona görə də uşaqlar ana südünü içib yatırlar. Eyni zamanda insanın yatdığı yer qaranlıq olmalıdır. Bütün bu vasitələrə əməl etməklə yuxu refleksinin yaranmasına kömək etmiş oluruq".

    M.Rzayeva deyib ki, sadalanan qaydalar yardım göstərmədiyi təqdirdə bitki tərkibli yüngül preparatlardan istifadə etməklə yuxu refleksini yaratmaq lazımdır: "Bir həftə, on gün bitki tərkibli dərman müalicəsi aparmaq olar. Amma bunun üçün hər gün eyni vaxtda yatmaq şərtdir. Preparatlar da kömək etməyəcəyi təqdirdə psixoterapiya vacibdir. Çünki insanı yatmağa qoymayan öz fikirləri, həyəcanları, problem və qorxularıdır".

    Psixoterapevt vurğulayıb ki, yuxu üçün istifadə edilən bəzi türkəçarə üsullar var: "Onların elmi əsasları mövcuddur. Saymaq, kitab oxumaq, televizora baxmaq kimi üsullar insanı fikirlərindən yayındırır, düşüncələrə dalmağa qoymur. Amma insanı yatmağa qoymayan problemləri, düşüncələri psixoloqla, psixoterapevtlə müzakirə etmək lazımdır".

    M.Rzayeva qeyd edib ki, insan yatağına uzananda yatacağına tam əmin olmalı, yuxunun gəlməyəcəyindən qorxmamaldır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi