Yaz aylarında intiharların sayı niyə artır?

Yaz aylarında intiharların sayı niyə artır? Psixoterapevt: "İntihar təhlükəsinə qarşı psixiatr, psixoloq və sosioloqun birgə işləməsi vacibdir"
Sağlamlıq
27 Mart , 2017 15:27
Yaz aylarında intiharların sayı niyə artır?

Bakı. 27 mart. REPORT.AZ/ "İntihar hadisəsi əsasən 30-40 faiz hallarda depressiya fonunda yaranır. Ona görə də belə hallarda depressiya mütləq müalicə olunmalıdır". 

Bunu "Report"a psixiatr, psixoterapevt Mehriban Rzayeva deyib.

Onun sözlərinə görə, əksər hallarda insanlar intihar etmək niyyətlərini yaxın adamlarına deyirlər: "İntihar edənlərin demək olar yarısı bu fikri yaxınları ilə bölüşür. Onlar həyatdan bezmələri, daha belə yaşaya bilməmələri, ölməyin bu cür yaşamaqdan yaxşı olması ilə bağlı fikirlər səsləndirirlər. Doğmalar çox zaman bu mesajlara əhəmiyyət vermirlər. Əslində isə həmin insanlar psixoterapevt tərəfindən müalicə olunmalıdırlar".

Psixoterapevt bildirib ki, depressiya dərmanlarla çox gözəl müalicə olunur: "İntihar edənlərin hamısı depressiya halında olmaya da bilər. Depressiyada olmayan insanın intiharı isə etiraz amili ilə bağlı ola bilər. Həmin şəxs güclü affekt vəziyyətdə, güclü qorxu hissi altında intihar törədə bilər. Uşaqların hansısa bir səbəbdən valideynlərinin onu cəzalandıracağından qorxaraq intihar etməsi faktına mediada rast gəlmişəm. Yəni müxtəlif səbəblər ola bilər. Bu cür insanlarda özünü öldürmək haqqında sayrışan ideya olur. Əgər insan özünü öldürmək haqqında danışırsa, hansı yolla özünü öldürəcəyi təqdirdə daha az əzab çəkəcəyi ilə bağlı araşdırma aparırsa, yaxınları onu psixiatr və ya psixoloqa aparmağa borcludurlar. Qoy psixoloq qorxmağa əsas olmadığını ona başa salsın. Bu yolla 3-4 nəfərdən birində faciənin qarşısını almış olarıq".

M.Rzayeva vurğulayıb ki, bəzi çox ciddi psixi xəstəliklərdə qulağa səslər gəlir və həmin səslər insana özünü öldürməyi əmr edir: "Nəticədə həmin adam belə bir addımı atır. İntihar addımı ağrılı, dəhşətli xəstəlikdən də ola bilər. Beynində şiş olduğunu öyrəndikdən sonra intihar edən həkim tanıyıram. Məsələn, uşaqların internet üzərindən oynadığı "Mavi balina" oyunu var. Bu oyun yeniyetmələri, uşaqları qorxudur və intihara sövq edir. Bu oyunlar çox təhlükəlidir və mərhələ-mərhələ uşaqları intihara doğru aparır".

Psixoterapevt intihar təhlükəsinə qarşı psixiatr, psixoloq və sosioloqun birgə işləməsinin vacib olduğunu söyləyib.

Mütəxəssis aprel ayında intiharların sayının artmasını isə mövsümi amillərlə əlaqələndirib: "Yaz və payız aylarında mövsümi depressiyalar olur. Mövsümi depressiyaların hesabına intiharların sayı daha da arta bilər". 

Son xəbərlər

Orphus sistemi