Yanğın zamanı necə sağ qalmaq olar?

Yanğın zamanı necə sağ qalmaq olar? Zəhərlənmə və tüstüdən qorunmaq üçün mütləq yaş dəsmalla ağzı bağlamaq lazımdır
Sağlamlıq
27 May , 2015 16:07
Yanğın zamanı necə sağ qalmaq olar?

Bakı. 27 may. REPORT.AZ/ "Yanğın zamanı əgər tüstülənmə varsa, qoruyucu maskalardan istifadə etmək lazımdır. Bu cür vasitələr tənəffüs orqanlarını mühafizə edir". Bunu "Report"a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, qoruyucu maskalar tüstünü, toksiki maddələri birinci mərhələ kimi saxlayır. Şöbə müdiri qeyd edib ki, əgər yanğın baş verən yerdə maska olmasa, yaş pambıq-cuna sarğılarından da istifadə etmək olar: "Amma bu vasitələr qısamüddətli mühafizə üçündür". 

A.Maqsudov bildirib ki, yanğın və tüstülənmə baş verdikdə əgər evdən çıxmaq mümkün deyilsə, pəncərə və qapıları bağlayıb mümkünsə üzərindən nəm mələfə asmaq, elektrik qızdırıcılarını, məişət cihazlarını xətdən ayırmaq, dəsmalı isladaraq baş hissəni örtməklə özünü qorumaq lazımdır: "Ev şəraitində olan yanğından qorunmaq üçün bundan başqa bir üsul yoxdur".

Şöbə müdirinin sözlərinə görə, zəhərlənmədən sonra ağciyər çatışmamazlığı, bronxit, pnevmoniya, iltihabi proseslər, toksiki sətəlcəm əmələ gələ və fəsad kimi qala bilər: "Bu xəstəliklərin həyati qorxusu yoxdur, amma bu xəstəliklərə yoluxan şəxslər müəyyən müddətdə həkim nəzarətində olmalıdırlar".

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərərgahının rəisi Əkbər Novruzov "Report"a açıqlamasında bildirib ki, mənzillərdə yanğın baş verən zaman əgər güclü tüstülənmə yoxdursa və həmin ərazidən çıxmaq mümkündürsə, mütləq oranı tərk etmək lazımdır: "Əgər yanğın ərazisini tərk etmək mümkün deyilsə, təcili surətdə binada gizlənib pəncərə və qapıları plastır və ya yapışqanlı lentlə bağlayıb ventilyasıya çıxışlarını kağızla örtmək lazımdır. Zəhərlənmə və tüstüdən qorunmaq üçün isə insanlar mütləq yaş dəsmalla ağızlarını tutmalıdırlar ki, nəfəs yollarına zəhərli tüstü getməsin. Ayaqüstə durmaq olmaz, otağın ən aşağı hissəsinə əyilmək lazımdır. Bu halda insanın sağ qalma ehtimalı yüksəkdir. Təbii ki, insanlar öncə yanğını özləri söndürməyə cəhd edirlər, əgər yanğını söndürməyə gücləri çatmırsa, bu zaman evdə və qonşuda yatan varsa, oyatmalı və xəbərdar etməli və "101" xidmətinə yanğının ünvanı haqqında məlumat verməlidir".

Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov isə "Report"a bildirib ki, yanğın zamanı ilk yardım kimi insanlar bəzən diş məcunu, tomat pastasından istifadə edirlər: "Bunların heç biri məsləhət deyil. Ən vacib və sadə yol yanıq olan sahəyə soyuq su tökməkdir. Evdə olsa, "Alazol", "Pantenol" aerozollarından ilk yardım kimi istifadə etmək, ağrıkəsici vurmaq olar. Bunlar həkim özünü çatdırana qədər olan yardımdır. Həkimə müraciət olunduqda isə ilk olaraq ağrıkəsicilər vurulur, sonra yara antiseptik məhlullar ilə təmizlənir və antiseptik quruducu sarğılar qoyulur. Əgər yanıq ağırdırsa, xəstəxanaya yerləşdirilir, yüngüldürsə, ambulator müalicəyə göndərilir". 

Son xəbərlər

Orphus sistemi