Yuxarı

Piylənmədən əziyyət çəkənlərin sayı 42 milyon nəfərə çatıb

ÜST: Hər il təqribən 4,3 milyon ölüm faktı məişət şəraitində baş verir

Bakı. 30 yanvar. REPORT.AZ/ Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 136-cı sessiyası öz işinə başlayıb. 

Səhiyyə Nazirliyindən "Report"a verilən xəbərə görə, tədbirdə Azərbaycanı nazir Oqtay Şirəliyev təmsil edir. 

Sessiyanın gündəliyinə ÜST-nin islahatları, "Avropa sağlamlığı 2020" konsepsiyasının təqdimatı, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri, Avropa səhiyyəsində prioritetlər, Avropada ÜST-nin ofislərində kadr islahatları, beynəlxalq təşkilatlarla əməkdaşlıq, anaların, südəmər və azyaşlı uşaqların qidalanması, zorakılıq və onun sağlamlıq üçün nəticələri daxildir. Tədbirdə həmçinin məruzələrdən birində havanın çirklənməsi ilə sağlamlıq arasındakı əlaqə barədə informasiya yer alıb, xoşagəlməz nəticələrin yumşaldılması strategiyası təsvir olunub. 

ÜST ekspertlərinin hesablamalarına görə, dünyada xəstəlik və ölüm hallarının əsas qarşısı alına bilən səbəblərindən biri havanın çirklənməsidir. Onlar ildə təqribən 4,3 milyon ölüm faktını məişət şəraiti - otaqlarda havanın çirklənməsi, daha 3,7 milyonunu açıq havanın çirklənməsi ilə bağlayırlar.

Sessiyanın daha bir sənədinə görə, körpələr, uşaqlar və yeniyetmələr arasında piylənmə problemi bütün ölkələrdə təhlükəli miqyas alır. Son 20 ildən çox müddətdə təkcə Afrika qitəsində artıq çəkidən və ya piylənmədən əziyyət çəkən uşaqların sayı artaraq 4 milyondan 10 milyon nəfərə çatıb. Piylənmədən əziyyət çəkən uşaqların sayı dünya üzrə artaraq, 1990-cı ildə 31 milyon nəfərdən 2014-cü ildə 42 milyon nəfərə çatıb. Ekspertlər bildirirlər ki, uşaqlar arasında piylənmə təhlükəli xəstəliklərin, o cümlədən diabet və ürək xəstəliklərinin vaxtından əvvəl inkişafına səbəb olur.

ÜST İcraiyyə Komitəsinin sessiyası fevralın 3-dək davam edəcək. Sessiya iştirakçıları ana və uşaq ölümü problemini, vaksinasiya, habelə qlobal miqyasda epilepsiya və uşaqlar arasında piylənmə məsələlərini müzakirə edəcəklər.

ÜST İcraiyyə Komitəsinə quruma üzv ölkələrin 34 eksperti daxildir. Onlar üç il müddətinə seçilir. İcraiyyə Komitəsinin əsas funksiyaları Ümumdünya Səhiyyə Assambleyasının qərarlarının işlənib hazırlanması və yerinə yetirilməsidir.

Budəfəki sessiyada may ayına nəzərdə tutulan ÜST Assambleyasının gündəliyi razılaşdırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi