Yuxarı

Uşaqlarda daha çox rast gəlinən pediatrik və ortopedik problemlərə müasir yanaşma mövzusunda konfrans keçirilib

Uşaqlarda daha çox rast gələn pediatrik və ortopedik problemlərə müasi
© Report

Bakıda Pediatrlar klubu və CP Academy-nin birgə təşkilatçılığı ilə uşaqlarda daha çox rast gəlinən pediatrik və ortopedik problemlərə müasir yanaşma mövzusunda konfrans keçirilib.

“Report” xəbər verir ki, konfransda iki türkiyəli mütəxəssis – Acıbadem Universiteti, Atakent Xəstəxanasının Ortopediya və Travmatologiya şöbəsinin uşaq və yeniyetmə ortopedi Salih Marangoz və fizioterapevt Gökhan Öztürk mövzu ilə əlaqəli məruzələrlə çıxış ediblər.

S.Marangoz əsasən anadangəlmə bud çıxığı, anadangəlmə sümük çatışmazlığı, əyripəncəlik, raxit və s. kimi xəstəliklərdən bəhs edib.

O qeyd edib ki, ayaq əyriliyi olan uşaqlar üçün manejdən istifadə məsləhət deyil: “Ümumilikdə manej istifadəsi sadəcə valideyn rahatlığıdır. Əgər manej istifadəsi olsa belə, bu, təkərsiz və qısa müddətli üçün ola bilər. Azyaşlı uşaqlar üçün ayaqqabı seçiminə gəlincə, ilk addım atanda geyinilən ayaqqabı növü var. Sonrakı yaşlarda isə ayaqqabı ikiyə qatlana bilməli, ayağa böyük olmamalıdır. Buna xüsusi diqqət etmək lazımdır”.

Türkiyəli mütəxəssis vurğulayıb ki, uşaqlar arasında düz pəncəlilik daha çox həssas mövzu kimi təqdim olunur: “Əslində uşaqların ayağına baxanda çoxu düz pəncəlidir. Ancaq illər keçdikdən sonra hər şey qaydasına düşür. Əgər fikir versək 18 aylığa qədər körpələrin 97 %-də bu hal müşahidə olunsa da, 6 yaşa çatdıqda onların yalnız 26 %-də düz pəncəlilik qalır. Yəni, valideynlərə məsləhət görərdim ki, bu haldan qorxmasınlar. Əgər heç bir ağrı yoxdursa heç bir müalicə üsuluna ehtiyac yoxdur. Belə ayaqlı uşaqlar üçün xüsusi ayaqqabı alınmasına da lüzum yoxdur. Çünki bunun heç bir müalicəvi təsiri yoxdur. Hətta uzun müddət bu tip ayaqqabıdan istifadə psixoloji olaraq mənfi nəticələrə gətirib çıxarır”.

“Bundan başqa, gecələri ayaqları ağrıyan uşaqların ağrısı çox vaxt boy artması ilə əlaqəli ola bilər. Ancaq yenə də bu mütəmadi şəkil alarsa və ya simmetrik deyilsə həkimə müraciət etmək məsləhətdir. Eyni zamanda, “W” şəklində oturmaq uşağın anatomiyasından asılıdır. Bu tip uşaqları zamanla bardaş qurub oturmağa alışdırmaq lazımdır. Yaxud da belə oturan uşaqları baletə və ya buz idmanına qoymaq məsləhətdir ki, ayaqları çölə açdırmağa sövq edilsin. Bu da çıxış yolu deyil, çünki zamanla da düzələ bilən haldır” - deyə həkim qeyd edib.

O, eyni zamanda əlavə edib ki, körpələri düz və sıx şəkildə bələmək düzgün deyil: “Bu halda çanaq əyriliyi meydana çıxır. Məsləhətdir ki, körpələri bel hissəsinə qədər qolları büküb, aşağı hissəni isə ayaq bükülü şəkildə sıxmadan bələmək olar”.

Konfransın davamında fizioterapevt Gökhan Öztürk serebral iflicdə müasir reabilitasiya mövzusunda məruzə ilə çıxış edib. O vurğulayıb ki, belə xəstələri əsasən fiziki terapiya üsulu ilə müalicə etmək məsləhətdir: “Belə müalicə üsulunun içərisinə ailə diqqətini də qatmaq lazımdır. Çünki valideynlər nə qədər işin içərisində olsa, o qədər də müsbət nəticə əldə etmək olar”.

Tədbir mövzu ətrafında sual-cavabla davam edib.

Qeyd edək ki, uşaq və yeniyetmə ortopedi Salih Marangoz iki gündür Azərbaycanda CP Academy-da müayinə aksiyası keçirir. Konfransın təşkilatçısı pediatr Günay Rəsulovadır.

Xatırladaq ki, CP Academy fiziki və əqli problemləri olan insanların həyat keyfiyyətini artırmaq üçün fiziki terapiya və reabilitasiya xidmətlərini göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi