Yuxarı
    Bağlamaq

    Baş həkim: “Uşaqlar diş həkiminə süd dişlərinin çəkilməsi və ya kariyesdən təmizlənmə ilə bağlı gətirilir”

    “Uşaqları daimi olaraq vaxtında həkim müayinəsinə gətirmək lazımdır”

    Bakı. 10 fevral. REPORT.AZ/ “Əsaslı təmirdən sonra ötən ilin iyul ayının 1-dən bu günə kimi Respublika Uşaq Stomatoloji Mərkəzinə 32108 müraciət daxil olub ki, onlardan 13 251 uşaq müalicəyə qəbul edilib”.

    “Report”un məlumatına görə, bunu mərkəzin baş həkimi Azər Əliyev keçirdiyi mətbuat konfransında deyib.
    Onun sözlərinə görə, gün ərzində mərkəzdə təxminən 130-a yaxın uşaq müayinə və müalicə ala bilər: “Əsas müraciətlər çox vaxt süd dişlərinin çəkilməsi və ya kariyesdən təmizlənmə ilə bağlı olur. Mərkəzə bütün regionlardan müraciət olunur”.

    Baş həkim bildirib ki, bəzən valideynlərin övladlarının süd dişini vaxtında müalicə etməməsi sonradan bir çox problemlə gətirib çıxarır: “Bundan əlavə, süd dişinin vaxtından əvvəl çıxarılması diş və çənə quruluşunun pozulmasına və dişlərin əyilməsinə səbəb olur. Eyni zamanda, vaxtından tez diş çəkəndə ya diş mayasına toxunula bilər, ya da həmin dişin toxuması bərkidiyindən onun yerinə gələn diş başqa yerdən çıxır”.

    A.Əliyev qeyd edib ki, məktəblərdə aparılan yoxlamalar zamanı şagirdlərdə əsasən kariyes boşluğu, selikli qişada isə somatitlər aşkarlanır: “Uşaqlar gün ərzində iki dəfə dişlərini fırçalamalıdır. Əsas da gecə yatmamışdan əvvəl dişlər fırçalanmalıdır. Uşaqları daimi olaraq vaxtında həkim müəayinəsinə gətirmək lazımdır. Çünki uşağın diş həkiminə etibarı olmalıdır ki, diş çəkdirməkdən qorxmasın”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi