Azərbaycanın baş pediatrı: "Uşaq ölümləri bölgələrdən daha çox Bakıda baş verir"

Azərbaycanın baş pediatrı: "Uşaq ölümləri bölgələrdən daha çox Bakıda baş verir" "Son 2 ildə uşaq ölümündə azalmaya meyillilik qalır, yəni artım qeydə alınmayıb"
Sağlamlıq
13 Dekabr , 2014 10:22
Azərbaycanın baş pediatrı: Uşaq ölümləri bölgələrdən daha çox Bakıda baş verir

Bakı. 13 dekabr. REPORT.AZ/ "Əvvəllər bölgələrdəki xəstəxanalarda imkanlar daha az idi, lakin indi oradakı xəstəxanalar ən müasir tipli "Təcili yardım" maşınları, reanimobillər, digər ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə təmin olunub. Baxmayaraq ki, bölgələrdə fəaliyyət göstərən xəstəxanaların şəraiti qismən yaxşılaşıb, ancaq yenə də vəziyyəti ağırlaşan uşaqlar məhz Bakıya gətirilir. Buna görə də uşaq ölümləri bölgələrdən daha çox Bakıda fəaliyyət göstərən yüksək ixtisaslı uşaq tibb müəssisələrində baş verir". Bunu "Report"a açıqlamasında Azərbaycanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Bunun qanunauyğun olduğunu deyən baş pediatrın sözlərinə görə, son 2 ildə uşaq ölümündə azalmaya meyillilik qalır, yəni artım qeydə alınmayıb: "Qarşıya qoyulan əsas məqsədlərdən də biri odur ki, bu göstəricilər ilbəil aşağı düşsün".

O, həmçinin qeyd edib ki, 2014-cü il Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması istiqamətində uğurlu və məhsuldar il olub: "Əminəm ki, gələcəkdə də bu işlər uğurla davam edəcək. Çünki Səhiyyə Nazirliyi ana və uşaqlara göstərilən tibbi xidməti prioritet xidmət sahələrinə aid edib. Yəni bu, həm dövlətin, həm də nazirliyin diqqət mərkəzində olan vacib məsələlərdən biridir. İnanıram ki, yaxın gələcəkdə ölkədə ana və uşaq ölümündə nəzərə çarpacaq dərəcədə azalma müşahidə olunacaq və Avropanın inkişaf etmiş ölkələri səviyyəsinə yaxınlaşmağa imkanımız olacaq". 

Son xəbərlər

Orphus sistemi