Ümumdünya Səhiyyə Təşkilatı son illərdə dünyada yayılan epidemiyalardan ölənlərin sayını açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatı son illərdə dünyada yayılan epidemiyalardan ölənlərin sayını açıqlayıb 2000-ci ildən bu günə qədər dünyada dörd böyük epidemiya yayılıb
Sağlamlıq
3 Fevral , 2016 13:47
Ümumdünya Səhiyyə Təşkilatı son illərdə dünyada yayılan epidemiyalardan ölənlərin sayını açıqlayıb

Bakı. 3 fevral. REPORT.AZ/ 2000-ci ildən bu günə qədər dünyada Ebola, "donuz qripi" kimi də tanınan H1N1 virusu, SARS və MERS olmaqla dörd böyük epidemiya yayılıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, virusların səbəb olduğu xəstəliklərin bir çoxunun özünəməxsus müalicəsi və ya peyvəndi olmadığını nəzərə alsaq, ən çox ölüm faktı "donuz qripi" və Ebola virusundan baş verib. Bu günə qədər 28 638 insanda Ebola virusu aşkar edilib ki, onlardan 11 mini ölüb. 

ÜST-nin "geniş miqyaslı epidemiya" kimi qələmə verdiyi H1N1 virusu isə son 50 ilin ən qorxunc epidemiyası hesab olunur. Meksikada 2009-ci ilin mart ayında kütləvi epidemiyaya çevrilən xəstəlik Amerika qitəsindən sonra bütün dünyaya yayılıb. "Donuz qripi" üçün nəzərdə tutulan peyvənd hazırda ABŞ, İsveç və Macarıstanda istifadə edilir.

SARS (şiddətli kəskin tənəffüs yolu sindromu) ilk dəfə 2003-ci ilin fevral ayında Avropa, Şimali Amerika və Asiyada müşahidə olunub. Virus qısa müddətdə Honq-Konqdan sonra 37 ölkədə yayılıb. 2002-2003-cü illər arasında 8 422 nəfərdə bu xəstəliyə rast gəlinib ki, onlardan 916-sı ölüb. Lakin 2004-ci ildən bu yana dünyanın hər hansı bir yerində SARS-Cov infeksiyasına rast gəlinməyib.

Yaxın Şərq respirator sindromu (MERS) ilk dəfə 2012-ci ilin sentyabr ayında Səudiyyə Ərəbistanda aşkar olunub. Səhiyyə Nazirliyi ölkədə 186 nəfərə MERS diaqnozu qoyulduğunu elan etmişdi. Son üç ildə Səudiyyə Ərəbistanında MERS virusuna yoluxan 950 nəfərdən 412-si ölüb. 

Daha bir epidemiya isə xalq arasında "quş qripi" kimi tanınan A qrupuna aid virusdur. "Quş qripi"nə yoluxan 245 insan həyatını itirib.

Son zamanlar mətbuatda adı daha çox hallanan "Zika" virusuna ilk dəfə 1944-ci ildə meşədə yaşayan meymunlarda rast gəlinib. Ötən il isə "Aedes aegypti" adlı ağcaqanad növlərində rast gəlinib. "Zika" virusunun yayıldığı Braziliyada oktyabr ayından bu yana 3 500-den artıq körpəyə "mikrosefal" diaqnozu qoyulub. Son olaraq Havayı adalarında yeni doğulmuş körpədə "Zika" virusu mənbəli doğuş qüsuru aşkar edilib. Bu virus beyin funksiyalarında pozuntulara səbəb olur. İndiyə qədər "Zika" virusuna yoluxan 51 uşaq ölüb. 

Son xəbərlər

Orphus sistemi