​“Tütünsüz Həyat-Sağlam Gələcəyə Təminat” layihəsi həyata keçirilib

​“Tütünsüz Həyat-Sağlam Gələcəyə Təminat” layihəsi həyata keçirilib Layihə 3 ay davam edib
Sağlamlıq
31 May , 2015 04:00
​“Tütünsüz Həyat-Sağlam Gələcəyə Təminat” layihəsi həyata keçirilib

Bakı. 31 may. REPORT.AZ/ 1988-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbüssü ilə qeyd olunan “31 may-Ümumdünya Tütünsüz Günü” ilə əlaqədar ASAN Könüllüləri Gənclər Təşkilatı İctimai Birliyi, “ADA Anti-Smoking Club”, Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə “Tütünsüz Həyat - Sağlam Gələcəyə Təminat” layihəsi təşkil edilib.

“Report” xəbər verir ki, 24 fevral 2015-ci il tarixində başlayan layihə 3 ay davam edib.

Layihənin əsas məqsədi məktəblilərin siqaretin ziyanları barədə həkim və psixoloqlar tərəfindən məlumatlandırılması, bu istiqamətdə həll yollarının göstərilməsi və sağlam həyat tərzinin aşılanması olub.

Layihə çərçivəsində Zərifə Əliyeva adına lisey, İlyas Əfəndiyev adına Elitar gimnaziya, Bakı Avropa liseyi, 189 saylı orta məktəb və Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki Humanitar Elmlər liseyində təlimlər keçirilib. Məktəblilərə siqaretin zərərləri, stressin aradan qaldırılmasının alternativ yolları, sağlam həyat tərzinin vacibliyi mövzusunda ətraflı məlumat verilib. Ümumilikdə təlimlərdə 300-dən artıq şagird iştirak edib. Təlimlərdə iştirak edən hər bir şagirdə Sağlam Ailə Tibb Mərkəzinin “Gənclər kuponu” və digər hədiyyələr təqdim olunub.

Hesablamalara görə, hər il tütünün törətdiyi xəstəliklər nəticəsində dünyada altı milyonadək insan vəfat edir. Ölkədə aparılmış bir sıra tədqiqatlar isə 50%-ə qədər kişilərin siqaret çəkdiyini müəyyən edir ki, bu da vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Tədqiqatlar göstərir ki, şagirdlərin 10.6%-i nə vaxtsa siqaret çəkməyə cəhd edib, 6.8%-i isə bu və ya digər tütün məmulatından istifadə edib. Bu rəqəmlər vəziyyətin artıq təhlükəli olduğunu göstərir.

Layihənin sonunda Dream Group və Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı ilə siqaretin zərərlərindən bəhs edən sosial video çarx çəkilib.

Son xəbərlər

Orphus sistemi