​Əhliman Əmiraslanov: "Türkiyəyə daha çox rezident göndərmək istəyirik"

​Əhliman Əmiraslanov: "Türkiyəyə daha çox rezident göndərmək istəyirik" Tibb Universiteti ilə Qazi Universiteti arasında yeni razılaşmalar əldə edilib
Sağlamlıq
2 Mart , 2015 20:29
​Əhliman Əmiraslanov: Türkiyəyə daha çox rezident göndərmək istəyirik

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində ( ATU) qonaq olub. 

ATU-dan "Report"a verilən məlumata görə, səfər çərçivəsində Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov Qazi Universitetinin rektoru Süleyman Büyükberberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı ATU-nun rektoru Əhliman Əmiraslanov qeyd edib ki, Qazi Universiteti ilə münasibətlərin tarixi 20 ildən artıq müddətə dayanır: "Artıq bu universiteti özümüzə doğma sayırıq. Bir neçə dəfə birlikdə telekörpü təşkil etmişik. Rezidentlərimiz mübadilə proqramları çərçivəsində Qazi Universitetində rotasiya keçirlər. Bu əlaqələri daha da genişləndirmək, Qazi Universitetinə daha çox rezident göndərmək niyyətindəyik".

Öz növbəsində Süleyman Büyükberber də Qazi Universitetinin nəzdində yeni xəstəxana tikildiyini, bu səhiyyə ocağının Avropanın ən böyük təcili yardım xidməti olacağını söyləyib: "Hazırda 80 min tələbəsi olan Qazi Universitetinin xəstəxanasında azərbaycanlı assistentlər də işləyir. Ümumi cərrahiyyədə işləyən azərbaycanlı rezidentlərdən çox razıyıq. Biz Tibb Universitetindən daha çox rezidentin, həkimlərin Türkiyəyə gəlməsini istəyirik".

Daha sonra Tibb Universitetindən Türkiyəyə göndərilən rezidentlərin sayının artırılması ilə bağlı müzakirələr aparılaraq qərara alınıb ki, həm Mövlanə Mübadilə Proqramı, həm də universitetlərarası saziş əsasında Qazi Universitetinə göndərilən rezidentlərin, assistentlərin sayı artırılsın.

Bundan əlavə, Azərbaycan Tibb Universiteti və Qazi Universiteti arasında proqramların uyğunlaşdırılması məsələsi ilə bağlı ilkin müzakirələr aparılıb. Bunun sayəsində gələcəkdə bu iki təhsil ocağının tələbələrinin hər iki universitetdə təhsil alması, hər iki yerdən diplom alması mümkün olacaq.

Görüşdən sonra qonaqlar ATU-nun Tədris Cərrahiyyə Klinikasındakı şəraitlə tanış olublar. 

Son xəbərlər

Orphus sistemi