​TQDK sədri: “Rezidenturada təhsil alan qızların heç biri meyitlərlə işləmək istəmir”

​TQDK sədri: “Rezidenturada təhsil alan qızların heç biri meyitlərlə işləmək istəmir” “Bəzi ali məktəblərə qəbul olanlar arasında qızlar çoxluq təşkil edir”
Sağlamlıq
29 Yanvar , 2015 13:30
​TQDK sədri: “Rezidenturada təhsil alan qızların heç biri meyitlərlə işləmək istəmir”

Bakı. 29 yanvar. REPORT.AZ/ “Rezidenturada təhsil alanların çoxu qızlar olsa da, heç biri meyitlərlə işləmək istəmir. Məsələn, travmatoloq-cərrah ixtisası üçün yalnız bilik yox, həm də fiziki güc lazımdır. Lakin oğlanların IV qrup üzrə təhsil alması azalıb”. “Report” xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında oğlan və qız abituriyentlərin qəbul göstəricilərini müqayisə edərkən deyib.

TQDK sədrinin sözlərinə görə, oğlanlar IV qrupa o zaman sənəd verirlər ki, onlar 500 baldan yuxarı nəticə göstərirlər: “Oğlan orta nəticə, yəni 200-300 bal toplayanda başa düşür ki, Tibb Universitetinə qəbul olmayacaq və ona görə də IV qrupdan imtina edərək I qrupa sənəd verir. Halbuki, onlar həmin balla dövlət sifarişli yerlərə qəbul ola bilər. Ancaq qızlar 200-300 bal toplamaqlarına baxmayaraq, bu ixtisasa qəbul olmayacaqlarını bilsələr belə, yenə ATU-nun ixtisaslarını seçirlər. Fikirləşirlər ki, ATU-ya qəbul olmasalar da, tibb kollecinə qəbul olacaqlar”.

M.Abbaszadə onu da qeyd edib ki, rezidenturaya qəbulda qızlar oğlanlara uduzur: “Çünki rezidenturaya qəbul qızların elə bir yaş dövrünə düşür ki, onların bir qismi ya ana olur, ya da ana olmağa hazırlaşırlar. Onlar üçün rezidentura imtahanında iştirak etmək daha çətin olur və sonda yaxşı nəticə göstərə bilmirlər. Bu baxımdan, oğlanlar qızları üstələyirlər”.

Azərbaycanda 20 ildir qəbulun nəticələrinin təhlil edildiyini deyən Komissiya sədri bildirib ki, TQDK-nı təkcə oğlan və qızların necə oxuması deyil, həm də onların hansı ixtisaslara daha çox üstünlük verdikləri maraqlandırır: “Araşdırma zamanı məlum olub ki, ən yaxşı oxuyan və yüksək nəticə göstərənlərin arasında oğlanların sayı çoxdur. Lakin ən pis nəticə göstərənlərin, yəni 100 baldan aşağı toplayanlar da əsasən oğlanlardır. Orta nəticə göstərənlərin arasında isə daha çox qızlar üstünlük təşkil edir. Lakin bir nəticə var ki, oğlan ya oxuyur, ya da oxumur. Oxuyan oğlanlar da imtahanda yaxşı nəticə əldə edirlər. Ona görə də qəbul olanların da 50 faizi oğan, 50 faizi qızlar olur”.

TQDK sədri əlavə edib ki, bəzi ali məktəblərə qəbul olanlar arasında qızlar çoxluq təşkil edir: “Tibb Universitetinin tələbələrinin çoxu qızlardır. Lakin tibb sahəsində müəyyən ixtisaslar var ki, orada oğlanlar olmalıdır”.

Son xəbərlər

Orphus sistemi