Yuxarı

Tibb Universitetində unikal cərrahi əməliyyat icra edilib

Orta yaşlı qadının üzərində aparılan əməliyyat zamanı çənədə yayılan şiş götürüldükdən dərhal sonra diş implantları yerləşdirilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yalnız dünyanın qabaqcıl klinikalarında icra oluna bilən əməliyyat baş tutub. ATU-dan "Report"a verilən xəbərə görə, həkimlər çənədə şişin götürülməsi, incik sümüyü ilə çənə sümüyünün bərpası və diş protezləşdirilməsi əməliyyatını eyni zamanda aparıblar.

Orta yaşlı qadının üzərində aparılan əməliyyat zamanı çənədə yayılan şiş götürüldükdən dərhal sonra diş implantları yerləşdirilib.

Mürəkkəb əməliyyatı ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları- professor Çingiz Rəhimov, assistent Məhəmməd Davudov və plastik cərrah Araz Salmanovun başçılığı altında iki briqada aparıb.

Professor Çingiz Rəhimovun sözlərinə görə, birinci briqada çənədəki şişin xaric edilməsi ilə məşğul olub: "Çənə tam açılandan sonra çənənin patoloji hissəsi və onunla birgə həmin hissədəki dişlər götürülüb. Həmin müddət ərzində isə ikinci briqada incik sümüyünü damarlarla bilrikdə götürərək, çıxarılan çənənin yerinə yerləşdirib. Həmin damar ayaqcıqları bu sahəni təchiz edən arteriya və venaya birləşdirilib. Köçürülən sinir qanla yenidən təchiz olunduğundan, ağız boşluğunda implantların üzərində dişlər qoyulub".

Assistent Məhəmməd Davudov bu əməliyyatları üz-çənə cərrahiyyəsində son nailiyyət kimi qiymətləndirir: "Bu, mikrocərrahiyyə texnikasının tətbiqilə icra olunan əməliyyatlardır. Bu əməliyyatın daha bir unikallığı ondadır ki, burada həm şişin götürülməsi, həm defektin aradan qaldırılması, eyni zamanda xəstənin protez reablitasiyası eyni mərhələdə baş tutub".

Xatırladaq ki, əməliyyatdan öncə hazırlıq prosesində ən muasir kompüter texnologiyalarından istifadə etməklə virtual modelləşmə ilə planlaşdırılma aparılıb. Əməliyyatı xüsusi naviqasyon qurğudan istifadə etməklə yüksək ixtisaslı cərrahlar həyata keçirib.

Xəstə əməliyyatdan ayılan kimi artıq çənəsi və diş sırası tam bərpa olunmuş olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi