Yuxarı

Tibb Universitetinə yeni rektor təyin edilib

Oqtay Şirəliyev yeni rektoru kollektivə təqdim edib

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Tibb Universitetinin yeni rektorunu kollektivə təqdim edib.

"Report"un məlumatına görə, rektor vəzifəsinə Prezident İlham Əliyevin sərəncamı ilə ölkənin baş psixiatrı Gəray Gəraybəyli təyin olunub.

Qeyd edək ki, Gəray Çingiz oğlu Gəraybəyli 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medalla bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.

1992-ci ildən 1993-cü ilədək Azərbaycan Dövlət Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində işləyib. 2007-ci ilin dekabr ayından indiyə kimi Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri vəzifəsində işləyib.

1995-ci ildə namizədlik dissertasiyasını, 2007-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə isə professor elmi adına layiq görülüb.

60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-metodik tövsiyələrin, 3 metodik tövsiyələrin, 4 tətbiq edilmə aktların və 1 səmərələşdirmə təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfranslarda və konqreslərdə iştirak edib. 2001-ci ildə ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub.

2007-ci ildən bu günə qədər Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatoru idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi