Yuxarı

Tibb Universitetində Reabilitasiya və Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb

Əhliman Əmiraslanov: Yeni mərkəz müalicə prosesində xüsusi rol oynayacaq

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Reabilitasiya və Fizioterapiya Mərkəzinin açılışı olub. ATU-dan "Report"a verilən xəbərə görə, Türkiyənin məşhur “Romatem” Reabilitasiya Xəstəxanalar Qrupunun dəstəyi ilə ərsəyə gələn bu mərkəz bərpa müalicəsi sahəsində ən son nailiyyətləri təqdim edəcək.

Açılış mərasimindən öncə keçirilən konfransda ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov çıxış edərək, Azərbaycanda belə bir mərkəzin açılışının əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsi baxımından çox faydalı olacağını bildirib: "Türkiyənin məşhur "Romatem" şirkətinin bizimlə birlikdə belə bir mərkəz yaratması həm Tibb Universitetinin, həm də Tədris Cərrahiyyə Klinikasının həyatında çox mühüm hadisədir. Bu gün xəstələrin müalicəsində reabilitasiyanın nə dərəcədə böyük rol oynamasından saatlarla danışmaq olar. Müasir dövrdə həyata keçirilən hər hansı cərrahi əməliyyatın uğuru yalnız əməliyyatın necə keçirilməsindən yox, həm də bütövlükdə prosesdən, əməliyyatdan sonrakı müddətdə bərpa prosedurunun necə getməsindən də asılıdır".

O, tibbin son nailiyyətlərinə uyğun avadanlıqlarla təchiz olunan, yüksək ixtisaslı mütəxəssislərin çalışacağı Reabilitasiya və Fizioterapiya Mərkəzinin Azərbaycanda bir sıra xəstəliklərin müalicəsi prosesinə xüsusi töhfə verəcəyinə tam əmin olduğunu bildirib.

Türkiyənin məşhur "Romatem" Reabilitasiya Xəstəxanalar Qrupunun rəhbəri Göksal Haloğlunun sözlərinə görə, Türkiyə-Azərbaycan arasında hər bir sahədə olduğu kimi elm və tibb sahəsində də əlaqələrin genişlənməsi çox sevindirici haldır: "İnanıram ki, hər iki ölkənin bu məsələdə bir-birindən öyrənəcəyi çox şeylər var. Bu gün Türkiyənin nüfuzlu "Romatem" qurumu ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasının ortaq ərsəyə gətirdiyi mərkəzin açılışı da həmin münasibətlərin dərinləşməsində məxsusi rol oynayacaq. “Romatem” olaraq biz bu layihəyə çox böyük diqqətlə yanaşırıq".

Sonra konfrans iştirakçıları ATU-nun Tədris Cərrahiyyə Klinikasında yeni açılan Mərkəzə baxış keçiriblər. Mərkəzdə quraşdırılmış yeni tibbi avadanlıqlar, göstəriləcək tibbi xidmətlər haqqında qonaqlara məlumat verilib. Qeyd olunub ki, "Romatem" şirkətinə məxsus zəncirin bir hissəsi kimi yeni açılan mərkəz, bərpa müalicəsi üçün zəruri olan tibbi avadanlıqlarla tam təchiz olunub. Avadanlıqlar arasında uzunmüddətli yataq xəstələrində hərəkətin bərpası üçün olduqca önəmli olan Erica aparatı, Standtable cihazları xüsusi vurğulanıb. Bundan əlavə, Mərkəzdə bədən tərbiyəsi yolu ilə həyata keçirilən müalicə və reablitasiya üçün, o cümlədən, ayrı-ayrı oynaqlarda olan artrozların aradan götürülməsi, hərəkətin aktivləşdirilməsi üçün lazım olan bütün avadanlıqlar da mövcuddur. Fizioterapiya və reabilitasiya sahəsində xüsusi önəm daşıyan masaj növləri də mərkəzin xidmətləri sırasına daxil edilib.

Qeyd edək ki, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı mütəxəssislərin çalışdığı ATU-nun Tədris Cərrahiyyə Klinikasındakı yeni mərkəz bu gündən əhalinin ixtiyarına verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi