Yuxarı

Tibb Universitetində orduya dəstək məqsədilə qanvermə aksiyası keçirilib - FOTO

Qanvermə aksiyasında ATU-nun 400-ə yaxın müəllim-professor heyəti və tələbələri iştirak edib

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetinin(ATU) rəhbərliyi və kollektivi hərbi əməliyyatlar zamanı yaralanan hərbçilərin müalicəsinə kömək etmək üçün qan veriblər.

Bu barədə "Report"a Ali Məktəbin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qanvermə aksiyasında ATU-nun 400-ə yaxın müəllim-professor heyəti və tələbələri iştirak edib. Aksiyanın məqsədi Azərbaycan torpaqlarının azadlığı və suverenliyi uğrunda gedən döyüşlərdə yaralanan əsgərlərin və mülki şəxslərin qana olan ehtiyaclarını təmin etməkdir.

Aksiyanın əvvəlində çıxış edən ATU-nun rektor əvəzi, tədris işləri üzrə prorektor, professor Sabir Əliyev bildirib ki, ordunun əldə etdiyi nailiyyətlər xalqda olduğu kimi, ATU kollektivində də ruh yüksəkliyinə səbəb olub: “Tələbələr qrup halında müraciət edərək Silahlı Qüvvələrimizə yardım etmək istədikləri deyirdilər. Hətta onlar vuruşmaq üçün ön cəbhəyə yollanmaq arzusundadırlar. Çox təqdiredici haldır ki, xalqımız bu nailiyyətlərə böyük əzmkarlıqla yanaşaraq, həmrəylik, birlik nümayiş etdirdi. Hətta şəhid valideynləri bu yüksək şəhidlik zirvəsinə ucalan övladları üçün “Vətənin başı sağ olsun” dedilər. Bu məsələdə hamılıqla –həm gənc nəsil, həm də yaşlı nəsil Prezidentimizə dəstək oldular”.

S.Əliyev qeyd etdi ki, hərbi əməliyyatlar dövründə Tibb Universitetində bir neçə tədbir keçirilib. 700 nəfərin iştirakı ilə fövqəladə toplantı çağırılıb. Bundan əlavə, 3 mindən çox tələbənin iştirakı ilə dəstək aksiyası keçirilib. 

Qeyd edək ki, tədbir iştirakçıları əvvəlcə müayinədən keçiblər. Lakin təhlillər zamanı iştirakçılardan bəzilərində müəyyən problemlər çıxdığına görə, onların qan verməsi məsləhət görülməyib. Beləliklə, bu saata olan məlumata görə, 150-dən çox insandan qan götürülüb. Aksiya gün ərzində davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi