Tibb Universitetində məzun rezidentlərə həkim-mütəxəssis diplomları təqdim edilib

Tibb Universitetində məzun rezidentlərə həkim-mütəxəssis diplomları təqdim edilib 2014-cü ildə respublika üzrə məzunların sayı 86 nəfər olub
Sağlamlıq
4 Fevral , 2015 15:00
Tibb Universitetində məzun rezidentlərə həkim-mütəxəssis diplomları təqdim edilib

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetində (ATU) məzun rezidentlərə həkim-mütəxəssis diplomlarının təqdim olunma mərasimi keçirilib. "Report" xəbər verir ki, tədbirdə ATU-nun rektoru Əhliman Əmiraslanov çıxış edərək bu il 86 nəfərin rezidentura üzrə təhsilini başa vurduğunu bildirib: "Qərara aldıq ki, tək Tibb Universitetində deyil, respublikanın digər müəssisələrində də rezidenturanı bitirmiş həkim-mütəxəssisləri dəvət edək, onlara da diplom təqdim edək".

ATU rektorunun sözlərinə görə, rezidentura təhsilinin həyata keçirilməsi heç də asan olmayıb: "Əvvəllər bu sistemə keçmə ilə bağlı maneələr vardı, amma bunlara baxmayaraq biz yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədilə rezidentura sisteminin tətbiqinə nail olduq. Rezidenturaya qəbul ilk dəfə 2011-ci ildə aparıldı. Son illərdə tibb müəssisələrinin imkanı artdıqca istər dövlət, istərsə də özəl xəstəxanalarda imkanlar böyüdükcə, digər müəssisələrə də rezidentlər verildi. Ancaq biz hesab edirik ki, bu məsələdə də xüsusi diqqət tələb olunmalıdır. Rezident hazırlamaq o qədər də asan deyil. Rezidentura təhsili - tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığının formasıdır. Rezidentura diplomdan sonraki təhsildir, burada təcrübə ilə yanaşı, nəzəri elmlə, tədrislə də məşğul olmaq lazımdır".

Akademik Əhliman Əmiraslanov əlavə edib ki, ATU-da tibbin bütün sahələri üzrə yüksək ixtisaslı mütəxəssis hazırlamağa çalışırlar: "Bizim universitetdə rezidentlərin yüksək ixtisaslı kadr kimi yetişməsi üçün hər cür şərait var. Söz yox ki, bu məsələdə rezident rəhbərindən və rezidentin özündən də çox şey asılıdır, yəni, hər bir rezident vaxtdan səmərəli istifadə edib çalışmalıdır. Rezidentlərin attestasiyası da universitetdə keçirilən bütün imtahanlar kimi obyektivliyi tam qorumaq məqsədilə insan faktoru olmadan, kompüterlər vasitəsilə aparılır ”.

Rektor rezidentlərin digər müəssisələrdən də rotasiya üçün Tibb Universitetinə gəldiyini və ATU-nun rezidentlərinin xarici ölkələrə bir neçə aylıq rotasiyalara göndərildiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda rezidenturaya qəbul ilk dəfə 2011-ci ildə aparılıb. Rezidenturada təhsil 40 ixtisas üzrə 2 ildən 5 ilə qədər aparılır. ATU üzrə hazırda 4 kursda 38 ixtisas üzrə 554 rezident təhsil alır. İlk buraxılış 2013-cü ildə olub. Təhsil müddəti 2 il olan 5 ixtisas üzrə (epidemiologiya, ftiziatriya, ümumi gigiyena, immunologiya, psixiatriya) 5 nəfər məzun olub. 2014-cü ildə isə 2 illik ixtisaslar üzrə 15 nəfər, 3 illik ixtisaslar üzrə (anestezioologiya–reanimatologiya, oftalmologiya, allerqologiya, stomatologiya, şüa terapiyası, sosial gigiyena və səhiyyənin təşkili) – 18 nəfər məzun olub. Bu il ATU üzrə cəmi 33 nəfər məzun olub. Bundan başqa, bu il Respublika üzrə digər bazalardan olan 53 nəfər də Tibb Universitetində buraxılış yekun attestasiyasından keçərək məzun adını alıblar. Ümumilikdə respublika üzrə 2014-cü ildə məzunların sayı cəmi 86 nəfər olub.

Son xəbərlər

Orphus sistemi