Yuxarı

Tibb Universitetində anadangəlmə nadir ürək xəstəsi əməliyyat olunub - FOTO

Hazırda xəstənin həyatına hər hansı risk yoxdur

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının kardiocərrahı Azərbaycanda ilk dəfə koronar anomaliya (ALCAPA) əməliyyatını icra edib. Bu barədə "Report"a universitetdən məlumat verilib. 

Klinikanın kardiocərrahı, tibb üzrə fəlsəfə doktoru Seymur Musayev bildirib ki, 10 milyon nəfərə yaxın əhalisi olan Azərbaycanda çox az sayda belə xəstəyə rast gəlinə bilər: "Gəncə şəhərinin 36 yaşlı sakini bizə müraciət edəndə, artıq ona diaqnoz qoyulmuşdu. Bu xəstəliyə yüz minlərlə doğuşdan birində rast gəlinir. Önəmli məqamlardan biri odur ki, belə xəstələrin əksəriyyəti erkən yaşlarda həyatını itirir, çox az qismi təxminən 2-3 %-i 30 yaşına kimi yaşayır. 10 milyon nəfərə yaxın əhalisi olan Azərbaycan üçün yəqin, 1-2 nəfər belə xəstə ola bilər. 30 yaşdan yuxarı isə yalnız 1 belə xəstə tapmaq olar".

Onun sözlərinə görə, xəstəni əməliyyata götürüblər və onun həm ürək qapağının işini təmin ediblər, həm də anomaliya olan hissəni rekonstruksiya ediblər: "Əməliyyat mənim icramla doktor Mirəli Məcidovun iştirakı ilə keçirilib və 3 saat davam edib. Artıq bundan sonra xəstənin həyatına hər hansı bir risk yoxdur. 3-4 gün xəstəxanada yatdıqdan sonra xanım evə yazılacaq və həyatını əvvəlki qaydada davam etdirə biləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi