Yuxarı

ATU-nun Tədris Cərrahiyyə Klinikasında üçəm dünyaya gəlib - FOTO

Hazırda uşaqların vəziyyəti normaldır

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Pərvanə Daşdiyeva 2 qız və bir oğlan dünyaya gətirib. Bu barədə "Report"a ATU-nun mətbuat xidmətindən bildirilib.

Tibb üzrə fəlsəfə doktoru, ATU-nun I Mama-ginekologiya kafedrasının assistenti Arzu İsmayılovanın sözlərinə görə, Pərvanə hamiləliyi dövründə bir neçə dəfə Tədris Cərrahiyyə Klinikasına müraciət edib: "Hamiləlik zamanı vaxtından öncə doğuş riski olsa da, buna qarşı müvafiq müalicə aparılıb və nəticədə hamiləlik normal davam edib. Son aylarda ana tam nəzarətə götürülüb. Hamiləlik təxminən 36-cı həftədə sona çatdırılıb".

A.İsmayılova əlavə edib ki, üçəmlərin qeysəriyyə kəsiyi əməliyyatı ilə götürülməsi haqda qərar verilib. Çünki ilk döl ayaqla, ikincisi başgəlişi, sonuncu döl isə çanaqgəlişi ilə gələcəkmiş. Buna görə uşaqların həyatını riskə atmamaqdan ötrü qeysəriyyə əməliyyatı aparılıb.

Hazırda pediatr Səadət Yaqubovanın nəzarətində olan uşaqların vəziyyəti normaldır. 

Qeyd edək ki, oğlan 2 kilo 300 qr, qızlar isə 1 kilo 750 və 2 kilo 100 qr çəki ilə doğulublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi