"Təcili tibbi yardım"ın bayram günlərində necə işləyəcəyi açıqlanıb

"Təcili tibbi yardım"ın bayram günlərində necə işləyəcəyi açıqlanıb Stansiyanın baş həkimi: "Hər an gözlənilən və ya gözlənilməyən çağırışa hazırıq"
Sağlamlıq
31 Dekabr , 2014 11:50
Təcili tibbi yardımın bayram günlərində necə işləyəcəyi açıqlanıb

Bakı. 31 dekabr. REPORT.AZ/ Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) bayram günlərində əhaliyə göstərəcəyi xidmətin necə təşkil olunacağına aydınlıq gətirib. Bu barədə "Report"a danışan stansiyanın baş həkimi Mürsəl Həmidov deyib ki, "Təcili tibbi yardım" günündən asılı olmayaraq hər zaman adi iş rejimində işləyir.

Onun sözlərinə görə, "Təcili tibbi yardım"da heç vaxt xüsusi iş rejimi olmur: "Bu, o deməkdir ki, daxil olan müraciət əsasında kimliyindən və vətəndaşın harada olmasından asılı olmayaraq çalışırıq ki, həmin ünvana tez çataq. Məsələn, stansiyada startda 140 həkim briqadası varsa, deməli gündəlik bu qədər briqada çağırışa çıxır".

Baş həkim qeyd edib ki, bayram və ya istirahət günlərində sadəcə müraciət edənlərin sayında azalma yox, artım müşahidə oluna bilər: "Odur ki, gücləndirilmiş iş rejimi bizə aid deyil. Ola bilsin ki, bu anlayış güc strukturlarına şamil edilsin. Bir sözlə, "Təcili tibbi yardım" hər gün eyni iş rejimində çalışır və hər an gözlənilən və ya gözlənilməyən çağırışa hazırdır".

Tibbi xidmətin təşkili anlayışının tamam başqa olduğunu deyən M.Həmidov buna misal da çəkib: "Hər zaman insanların çox toplaşdığı yerlərdə, yəni konsertlərdə və ya tədbirlərdə həkim briqadalarımız olur. Bu anlayış həmin yerdə tibbi xidmətin təşkil olunması deməkdir. Hələlik hər hansı tədbirlə bağlı həkim briqadasının lazım olması ilə heç bir göstəriş almamışıq. Çünki hansısa tədbir keçiriləndə əvvəldən xəbər edirlər ki, həmin əraziyə çoxlu sayda insan gələcək və oraya "Təcili tibbi yardım" lazımdır. Yalnız bundan sonra insanların sayına görə 1 və ya 2 həkim briqadası göndəririk. Hətta insanlar çox olanda briqadaları da artırırıq. Lakin bu, ümumi xəttə çıxan briqadaların sayında fərq yaratmır".

Bayram günlərində müraciətlərin artım səbəbindən danışan BŞTTTYS-nin baş həkimi vurğulayıb ki, həmin günlər poliklinika işləmədiyindən "Təcili tibbi yardım"a müraciət edənlərin sayı çox olur: "Ona görə də stansiyamız günün istənilən saatında, bayram və istirahət günlərində iş başındadır".

Azərbaycan mətbəxinin çox zəngin olduğunu xatırladan M.Həmidov bununla bağlı əhalinin bayram günlərində qəbul edəcəkləri qidaya diqqət etmələrini məsləhət görüb: "Bilirik ki, bayramlarda ən dadlı yeməklər, daha çox yağlı və ədviyyatlı yeməklər bişirilir. Ona görə də məsləhət bilərdim ki, məhz bu günlərdə insanlar qida rejiminə düzgün əməl etsinlər. Xüsusilə də yaşlı insanlar, həmçinin uşaqlar çətin həzm olunan qidadan uzaq olub boyat yeməklər yeməsinlər. Eyni zamanda, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlər bu cür qidalanma onlara sağlamlıq problemləri yarada bilər. Bu səbəbdən də onlar yağlı xörəklərdən imtina etməli, az içməli və bir dəfəyə çoxlu qida qəbul etməməlidirlər. Əsas da axşam saatlarında çətin həzm olunan qidanın qəbul edilməsi məsləhət görülmür. İnsanların yağlı yeməkdən imtina edə bilməməsini nəzərə alaraq, məsləhət görərdim ki, əgər belə qidaları qəbul edirlərsə, o zaman üstündən su yox, məhz isti çay, yaxud süd məhsulları qəbul etsinlər. Bundan başqa, axşam 6-dan sonra yemək məsləhət deyil, əgər yeyilərsə o zaman ən azı 1-2 saat piyada gəzmək tövsiyə olunur. Bütün deyilənlərə riayət etməklə hər kəs öz sağlamlığını qoruya bilər".

Son xəbərlər

Orphus sistemi