Yuxarı

​Tarif Şurası 600-dən çox dərman vasitəsinin qiymətini təsdiqləyib

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Şuradan "Report"a verilən məlumata görə, toplantıda daha 600-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib. 

Şuranın iclasında həmçinin yeni təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və fevralın 22-i sənədlərin qəbulu üçün son tarix olaraq müəyyən edilib.

Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın qərarları” və “Dərman vasitələri” bölmələrində yerləşdirilib (Keçid http://tariff.gov.az/documents/DVA.pdf)

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

Ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 5651 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 3711 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1940 dərman vasitəsinin yeni qiymətləri bu ilin 25 fevral tarixindən qüvvəyə minəcək.

İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin manatın məzənnəsində baş verən dəyişikliklərdən əvvəl satışda olan qiymətləri ilə müqayisədə belə 20%-nin qiyməti 2 dəfədən çox, 8%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 60%-nin qiymətləri endirilib.

Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi