Talassemiya xəstəsi olan uşaqlar üçün qanvermə aksiyası keçirilir

Talassemiya xəstəsi olan uşaqlar üçün qanvermə aksiyası keçirilir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti sosial layihələrindən biri kimi talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası həyata keçirir.
Sağlamlıq
7 Aprel , 2020 13:08
Talassemiya xəstəsi olan uşaqlar üçün qanvermə aksiyası keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti sosial layihələrindən biri kimi talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası həyata keçirir.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunublar və bu həssas sahə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər əhalinin daha sağlam gələcəyinə hesablanıb. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif olan və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını və risk qrupuna daxil olduğunu nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir. 

Qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrin həyatda qalmalarına mənfi təsir göstərə bilər.

Heydər Əliyev Fondunun çağırışına cavab olaraq, qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə aprelin 7-də Milli Hematologiya və Transfiziologiya Mərkəzində qanvermə aksiyası keçirilib. 

Vətəndaşlar həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün humanist xarakterli aksiyaya qoşulublar. Aksiyada “Ümidli Gələcək” İctimai Birliyi, “Birlik” Xeyriyyə Təşkilatı, Bakı Tekstil Fabrikinin əməkdaşları və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri də iştirak ediblər. Həkim-hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunaraq, hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürülüb.

Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Son xəbərlər

Orphus sistemi