Yuxarı
    Bağlamaq

    Şotlandiyada hepatit problemlərinə həsr edilmiş birinci ümumdünya sammiti keçirilir

    Ümumdünya sammiti hər il keçiriləcək.

    Bakı. 6 sentyabr. REPORT.AZ/ Şotlandiyanın Qlazqo şəhərində hepatit problemlərinə həsr edilmiş birinci ümumdünya sammiti işə başlayıb. Sammit iştirakçıları bu təhlükəli xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsini yaxşılaşdırmaq yollarını müzakirə edirlər.

    BMT Xəbərlər Mərkəzi xəbər verir ki, hazırda bütün dünyada təqribən 400 milyon adamda hepatit var. Hesablamalara görə, bu xəstəlik hər il 1,45 milyon insanın həyatına son qoyur. Hepatit ölümün əsas səbəblərindən biri sayılır. Qaraciyər xərçəngindən ölüm hallarının 80 faizi hepatit B və C-nin payına düşür. Xroniki viruslu hepatit ilə yaşayan insanların çoxu bu diaqnozdan xəbərsizdir.

    Dünya Səhiyyə Təşkilatının (DST) hepatit problemləri üzrə qlobal proqramının direktoru Qotfrid Hirnşal deyib: “Biz viruslu hepatitin qarşısını almağın yollarını bilirik. Hepatit B-yə qarşı təhlükəsiz və səmərəli vaksinimiz, indi isə həm də dərmanımız var. Bunlar vasitəsilə hepatit C virusuna yoluxan insanları müalicə edə, hepatit B infeksiyasını nəzarətdə saxlaya bilərik”.

    Onun sözlərinə görə, dünyanın çox ölkələrində hepatitin diaqnozlaşdırılması və müalicəsi hələ də əlçatmazdır. Q.Hirnşall deyib: “Bu sammit viruslu hepatitin profilaktikası, diaqnostikası, müalicəsi və son nəticədə ictimai səhiyyənin problemi kimi aradan qaldırılması üçün fəaliyyəti intensivləşdirməyə işarə olacaq”.

    Hepatit problemlərinə həsr olunmuş bu yüksək səviyyəli birinci qlobal müşavirəyə dünyanın 60-dan çox ölkəsindən nümayəndələr qatılıb.

    Zirvə görüşündə DST-nin yeni rəhbərliyinin viruslu hepatitə qarşı mübarizə sahəsində milli planların işlənib hazırlanması və dəyərləndirilməsi üzrə təqdimatı keçiriləcək. İştirakçılar DST tərəfindən hazırlanmış və 2030-cu ilədək dövr üçün viruslu hepatit üzrə məqsədlərin müəyyən olunduğu Qlobal strategiya layihəsini müzakirə edəcəklər. Həmin məqsədlər yeni xroniki hepatit B və C xəstəlikləri hallarının 90 faiz, hepatit B və C-dən ölüm hallarının sayının 65 faiz azaldılmasını, xroniki hepatit B və C infeksiyaları olan insanların 80 faizini müalicə olunmasını ehtiva edir.

    Ümumdünya sammiti hər il keçiriləcək.

    DST-dən bildiriblər ki, hepatit virusu dünyanın bütün ölkələrində ciddi xəstəliklərdən sayılır. Afrikada Böyük səhradan cənubda və Şərqi Asiyada əhalinin 5-10 faizi xroniki hepatit B virusuna yoluxub. DST-nin Avropa regionunda 13 milyondan çox adam xroniki hepatit B-dən, 15 milyondan çox adam xroniki hepatit C-dən əziyyət çəkir.

    Bu insanların üçdə iki hissəsi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində yaşayır. Hər il həmin regionlarda 400-dək adam hepatit B və C-dən dünyasını dəyişir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi