Yuxarı

Son 4 ayda nikaha girmək istəyənlərin 33 nəfərində İİV aşkarlanıb

3 730 nəfərin talassemiya daşıyıcısı olduğu müəyyən edilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası"na uyğun olaraq iyunun 1-dən bu günə kimi nikaha daxil olmaq istəyən 52 min nəfər tibbi müayinədən keçib. Bu barədə "Report"a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

Onun sözlərinə görə, onlardan 3 730 nəfərinin isə talassemiya daşıyıcısı olduğu aşkarlanıb: "Bu da müraciət edənlərin 8 faizi deməkdir. Azərbaycanda da əhali arasında talassemiya daşıyıcılarının statistik göstəricisi 7-8 faiz arasında dəyişir. Ona görə də aşkar olunan göstərici normasındadır. İİV infeksiyasının daşıyıcısı 33, siflis isə 137 nəfər qeydə alınıb. İİV infeksiyası ilə bağlı statistika Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərilib. Çünki həmin şəxslər təkrar müayinədən keçməlidir".

İnstitutun direktoru qeyd edib ki, müayinə zamanı aşkar olunan virusların daşıyıcıları arasında kişilər çoxluq təşkil edib: "Siflisdə də demək olar ki, analoji vəziyyət təkrarlanır. Hər bir müayinə həkim sirri olduğundan, həmin şəxslərin kimliyi açıqlanmır. Yalnız həmin şəxslərin razılığı ilə yazılı şəkildə qarşı tərəfə məlumat verilə bilər. Əgər həmin cütlüklərdən biri xəstəliyini bilərəkdən gizlədib nikaha girmək istəyirsə, o zaman məsuliyyət daşımış olur. Bir faktı da qeyd edim ki, müayinələrin nəticəsi hansısa nikahın olmasına heç bir qadağa qoymur".

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktlar təsdiqlənib. Bununla da bu il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçmələri məcburiləşdirilib. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi