Yuxarı

Son 11 ayda nikaha daxil olmaq istəyən 85 nəfərdə İİV infeksiyası aşkarlanıb

İyunun 1-dən bu ilin mayın 1-nə kimi nikaha daxil olmaq istəyən 139 700 nəfər tibbi müayinədən keçib

Bakı. 1 iyun. REPORT.AZ/ "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası"na uyğun olaraq keçən il iyunun 1-dən bu ilin mayın 1-nə kimi nikaha daxil olmaq istəyən 139 700 nəfər tibbi müayinədən keçib".

"Report"un xəbərinə görə, bunu B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, həmin şəxslərin 7 171 nəfərinin talassemiya daşıyıcısı olduğu aşkarlanıb.

İnstitut direktoru vurğulayıb ki, 85 nəfərdə İİV infeksiyası, 458 nəfərdə isə sifilis qeydə alınıb.

Z.Əlimirzəyeva qeyd edib ki, keçən ilin iyunun 1-dən bu ilin mayın 30-na kimi müayinələrdən keçən şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub: "Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyinin müəyyən etdiyi dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır".

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiqlənməsi ilə əlaqədar keçən ilin iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçmələri məcburiləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi