Həkim-dietoloq: "Sitrus meyvələrini bol-bol yemək üçün üç həftə vaxtımız var"

Həkim-dietoloq: "Sitrus meyvələrini bol-bol yemək üçün üç həftə vaxtımız var" "Yeni mövsümdə qidalanmanı orqanizmdə baş verən dəyişikliklərə uyğun şəkildə kökləmək vacibdir"
Sağlamlıq
17 Aprel , 2017 10:26
Həkim-dietoloq: Sitrus meyvələrini bol-bol yemək üçün üç həftə vaxtımız var

Bakı. 17 aprel. REPORT.AZ/ "Hər fəsil kimi yaz aylarının da özünəməxsus qidalanma tərzi olmalıdır. Yeni mövsümdə qidalanmanı orqanizmdə baş verən dəyişikliklərə uyğun şəkildə kökləmək vacibdir. Yaz fəslinin başlaması ilə orqanizmdə hormonol istiqamətdə dəyişiklik olur. Bu baxımdan pozulan balansı qidalanma ilə tənzimləmək lazımdır. Çünki təbiətdə olduğu kimi, orqanizmdə də oyanış olur. Bir sıra proseslər gedir, metobolizma sürətlənir. Bu dövrdə tərəvəz, göyərtilər vasitəsilə orqanizmə bol-bol vitaminlər ötürməli, bişmiş və çiy tərəvəzlər, meyvə salatlarından istifadə etməliyik".

Bunu "Report"a həkim-dietoloq Leyla Zülfüqarlı bildirib. 

Sitrus meyvələrindən mayın ilk ongünlüyünə kimi istifadə etmək məsləhətdir

Mütəxəssis deyib ki, mayın ilk ongünlüyündən sonra sitrus meyvələrinin mövsümü başa çatacaq: "Həmin mərhələyə kimi beta-karotin ehtiyacını ödəmək üçün bu cür meyvələrdən bol-bol istifadə etmək məsləhətdir. Demək olar üç həftədən sonra sitrus meyvələri ilə sağollaşmalı olacağıq. Yay mövsümündə bu meyvələrdən az istifadə edəcəyimiz üçün beta-karotin yaranması üçün hazırkı mərhələdə bol-bol istifadə etmək olar. Apelsin, portağal, ananas, kivi və bananı da bu katoqoriyaya aid etmək olar. Giləmeyvələrə keçməmiş bunlardan istifadə oluna bilər. Xaççiçəklilər fəsiləsinə aid olan bütün kələmləri qəbul etməliyik. Brokoli, gül kələm, kahı və digərlərinin aid olduğu bu kateqoriyada ağ kələm daha arxa siyahıya keçir".

Süd məhsulları yenə gündəmdədir

L.Zülfüqarlı vurğulayıb ki, süd məhsulları hər zaman olduğu kimi yaz fəslində də çox aktualdır: "Qatıq, kefir, pendirin yer aldığı siyahıda daha sonra süddən istifadə yer alır. Ət məhsulları arasında balıq üstünlük təşkil etməlidir. Birinci yerdə balıq, toyuq və daha sonra mal ətidir. Yaz aylarında su içməyi də unutmuruq. Suya olan tələbatımız havanın temperaturu ilə deyil, fiziologiyamızla bağlıdır. Sadəcə isti havada su çox itirildiyindən daha çox maye içmək mümkündür. Məsələn, 60 kq çəkisi olan biri qışda 1 litr 800 milliqram su içirsə, yayda rahat 2,5 litri içə bilər".

Bitki çaylarını da unutmamalıyıq

Həkim-dietoloq qeyd edib ki, yaz aylarında bitki çaylarından istifadəni də unutmaq olmaz: "Mental xüsusiyyətlərimizlə ələqəli olaraq bir sıra xəstəliklər var, bunlar da məhz qara çay içməyimizlə əlaqəlidir. Qara çayı azaldıb yerini bir sıra bitki çaylarına vermək lazımdır. Yaz aylarında qurudulmuş çobanyastığı, cökə çayları əvəzinə, daha çox mövsümi bitkilər olan nanə, yarpız çaylarına üstünlük verilməlidir. İkinci yerdə çobanyastığı, cökə çayı və s. gəlir. Yaşıl çaydan istifadə etməklə yanaşı, təzə dəmlənmiş açıq çay da içmək olar. Amma bəzi çayların orqanizmə təsiri daha çoxdur, hansısa xəstəliklərin müalicəsində istifadə olunur. Məsələn, itburnu çayını içənlər təzyiqlərinin hansı vəziyyətdə olduğunu bilməlidirlər. Bu cür bitki çaylarının içilməsi orqanizmin xüsusiyyətlərinə uyğun tənzimlənməlidir".

Qidalanma ən öndə gəlməlidir

Mütəxəssis yaz aylarında şirniyyata olan istəyin artmasının səbəblərini də izah edib: "Bu mövsümdə orqanizmdə melatonin (yuxu hormonu) azalır, seratonin (sevinc hormonu) aktivləşir. Eyni zamanda seratonini qida ilə almağa da ehtiyac duyuruq. Bunu da daha çox şirniyyatları qəbul edərkən aktivləşdirə bilirik. Kəsmikdən istifadə etməklə hazırlanan şirniyyatlar və şokoladlar seratonini aktivləşdirə bilir. Orqanizmdə stress hormonunu məhz şokolad yeməklə aşağı salmaq olur. Quru meyvələr, kişmişlə olan şirniyyatlar da bu hormonu aşağı sala bilir. Ona görə də bu cür istək yaranır. Süni işlənmiş karbohidrat növlərinə deyil, ev şəraitində hazırlanmış meyvəli və südlü şirniyyatlara üstünlük vermək lazımdır. Şirniyyatlar günün birinci yarısında yeyilsə, daha yaxşı olar".

L.Zülfüqarlı yaz aylarında qida əlavələrindən və vitaminlərdən orqanizmdə həmin maddələrin defisiti yaranacağı təqdirdə istifadəni məqsədəuyğun sayıb: "Bu məhsullar mütləq həkim nəzarətində istifadə olunmalıdır. Amma bütün bunlar qidalanmadan sonra gəlir. Biz bütün maddələri qida ilə orqanizmə ötürə bilərik. Ona görə də düzgün bəslənməliyik".  

Son xəbərlər

Orphus sistemi