Yuxarı

Baş həkim: "Şirvandakı partlayış nəticəsində yanıq xəsarətləri alanlardan birinin yaşama şansı çox azdır"

Respublika Yanıq Mərkəzində müalicə olunan 4 xəstə reanimasiya şöbəsinə yerləşdirilib

Bakı. 8 iyul. REPORT.AZ/ "Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən "Telemexanika" Zavodunda baş verən partlayış nəticəsində yanıq xəsarətləri alan və Respublika Yanıq Mərkəzinə gətirilən 4 xəstədən ikisinin vəziyyəti daha ağırdır, durumlarında müsbətə doğru dəyişiklik yoxdur". Bunu "Report"a açıqlamasında mərkəzin baş həkimi Şöhrət Məmmədov deyib.

Onun sözlərinə görə, mərkəzdə müalicə olunan 4 xəstə reanimasiya şöbəsinə yerləşdirilib və onların vəziyyəti ağır olaraq qalır: "Yaralılardan ən ağır vəziyyətdə olanı 1971-ci il təvəllüdlü Xatirə Səttarovadır. Çünki onun bədən səthinin 85-90 faizi III A-B dərəcəli yanıb. Hətta onun tənəffüs yollarının çox hissəsi də yanıb. Bu xəstənin səhhəti çox ağır olduğundan yaşama şansı azdır".

Ş.Məmmədov qeyd edib ki, vəziyyəti ağır olan digər xəstəsi isə 1961-cı il təvəllüdlü Gülnarə Muradovadır: "Onun da bədən səthinin 60-65 faizi, tənəffüs yollarının isə 15 faizi yanıb. 1973-cü il təvəllüdlü Zülfiyyə Mehdiyevanın bədən səthinin 42-45 faizi, 1966-cı il təvəllüdlü Mehparə Əbilovanın isə bədən səthinin 45 faizi yanıb. Bu iki xəstənin səhhətləri də orta ağır kimi qiymətləndirilir".

Baş həkim bildirib ki, hazırda yaralıların müalicələri davam edir: "Hələlik onlar şok vəziyyətindədirlər. Xəstələri şokdan çıxarmağa çalışırıq".

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin müdiri Tofiq Hüseynov isə "Report"a açıqlamasında bildirib ki, hazırda şəhər xəstəxanasında 2 nəfərin - 1964-cü il təvəllüdlü Həlimə Vəliyeva və 1960-cı il təvəllüdlü Fəriyə Rzayevanın müalicələri davam edir: "Onların səhhətləri stabildir, həyatları üçün təhlükələri yoxdur. Ən azı 1 həftə xəstəxanada müalicə olunacaqlar".

Qeyd edək ki, iyulun 6-da baş verən partlayış nəticəsində bir nəfər ölüb, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Onlardan 13-nə ambulator yardım göstərilərək evə buraxılmışdı. Xəstəxanada qalan 6 nəfərdən 4-nün xəsarəti ağır olduğundan onlar Bakıya Respublika Yanıq Mərkəzinə gətirilb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi