Yuxarı
    Bağlamaq

    Baş həkim: "Şirvandakı partlayış nəticəsində yanıq xəsarətləri alanlar hələ də reanimasiyadadır"

    Yaralılar hələ də aparata qoşulu vəziyyətdədir

    Bakı. 13 iyul. REPORT.AZ/ "Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən "Telemexanika" Zavodunda baş verən partlayış nəticəsində yanıq xəsarətləri alan və Respublika Yanıq Mərkəzinə gətirilən xəstələrin vəziyyəti ağır olaraq qalır". Bunu "Report"a açıqlamasında mərkəzin baş həkimi Şöhrət Məmmədov deyib.

    Onun sözlərinə görə, mərkəzdə müalicə olunan hər 3 xəstə hazırda reanimasiya şöbəsindədir: "Onların səhhətləri ağır stabil olaraq qalır. Müalicələri davam edir və nəzarət çox güclüdür. Yaralılar hələ də aparata qoşulu vəziyyətdədir. Onların durumunda müsbətə doğru irəliləyiş olmadığından, palataya nə vaxt köçürüləcəkləri barədə heç nə deyə bilmərəm. Onların yaraları quru, təzyiq və temperaturları normaldır, lakin bu o demək deyil ki, onlar yaxşıdırlar".

    O, həmçinin xatırladıb ki, hadisə zamanı ən ağır vəziyyətdə mərkəzə gətirilən 1971-ci il təvəllüdlü Xatirə Səttarova iyulun 10-da dünyasını dəyişib.

    Qeyd edək ki, "Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən "Telemexanika" Zavodunda iyulun 6-da baş verən partlayış nəticəsində iki nəfər ölüb, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Onlardan 13-nə ambulator yardım göstərilərək evə buraxılmışdı. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi