Yuxarı

Səhiyyə xidmətləri ilə bağlı Ombudsmanın ünvanına çoxlu sayda şikayət daxil olub

Ölkədə hepatitə yoluxanların sayı günbəgün artır

Bakı. 26 fevral. REPORT.AZ/ "Qan xəstəliklərinin erkən müayinə və müalicəsini təmin etmək üçün DNK müayinələrinin aparılması məqsədi ilə Tibbi-Genetik Laboratoriyasının yaradılması zəruridir". "Report"un məlumatına görə, bu barədə "Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində bildirilir.

"Təəssüf ki, ölkədə hepatitlərin sayının günbəgün artdığı bir vaxtda bu xəstələrin dəqiq uçotunun aparılmaması mövcud sahədə real mənzərəni görməyə imkan vermir. Bu xəstələrin dəqiq uçotunun aparılmasına və ünvanlı qaydada kompleks müalicəsinin təmin edilməsinə kəskin ehtiyac var", - illik məruzədə qeyd olunub.

Bundan başqa, məruzədə sağlamlığın qorunması hüququ ilə bağlı Ombudsmana 445 müraciətin daxil olduğu bildirilir: "Dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmaması vətəndaşların narazılığına səbəb olan hallardır.

Bəzi şikayətlərdə özəl tibb müəssisələrində müalicə və müayinənin təşkilində yol verilən ciddi pozuntular, qiymətlərin çox baha olması, müalicənin nəticəsiz qalması, həmçinin dövlət tibb müəssisələrində həkimlərin laqeydliyi, tibbi heyətin pasiyentlərə münasibətdə qeyri-etik davranışı, həkimlərin xəstə qarşısında məsuliyyət hissinin olmaması, tibbi göstərişdən asılı olmayaraq, xəstələrin ən müxtəlif laborator və diaqnostik müayinələrə məruz qoyulması, onların qazanc mənbəyinə çevrilməsi, tibbi xidmətin keyfiyyətinin zəruri səviyyədə olmaması halları da şikayətlərdə öz əksini tapıb".

Qeyd edək ki, illik məruzə Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi