Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib

Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib “Nikaha daxil olan hər kəs tibbi müayinədən keçməlidir”
Sağlamlıq
17 İyun , 2016 16:19
Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib

Bakı. 17 iyun. REPORT.AZ/ Səhiyyə Nazirliyində tibb işçilərinin peşə bayramına həsr edilən kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iclasda Bakı və digər şəhər və rayonlarda fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri, tanınmış elm və tibb elmi xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev ilk olaraq bütün tibb işçilərini təbrik edərək onlara uğur və müvəffəqiyyətlər arzulayıb.

Nazir Təcili Təxirəsalınmaz Tibbi yardımın işinin nəinki paytaxt Bakıda, eləcə də regionlarda da yüksək səviyyədə qurulduğunu vurğulayaraq əlavə edib ki, qəbul olunan və uğurla həyata keçirilən dövlət proqramları bu gün insanların sağlamlığında mühüm yerlərdən birini tutur: “Hazırda 11 Dövlət Proqramı mövcuddur. Səhiyyə sahəsində dövlət proqramları uğurla yerinə yetirilir. Bu proqramlardan biri irsi qan xəstəlikləri ilə mübarizəyə həsr olunmuşdur, və bu sahədə ciddi irəliləyişlər var. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzində 20 minə yaxın uşaq Dövlət hesabına müalicə alır. Artıq 30 uşağa yalnız yüksək inkişaf etmiş səhiyyəyə malik ölkələrdə icra edilən sümük iliyi transplantasiyası əməliyyatları icra olunub”.

O.Şirəliyev bildirib ki, irsi qan xəstəliklərinin profilaktikası baxımından böyük əhəmiyyət kəsb edən nikaha daxil olan hər kəs tibbi müayinədən keçməlidir: “Bu zaman onlar İİV infeksiyasına, zöhrəvi xəstəliklərə və talassemiyaya görə müayinə edilirlər. Bu tədbir həm adıçəkilən xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verir”.

O qeyd edib ki, ana və uşaq sağlamlığı ilə bağlı diridoğulmanın yeni meyarlarına keçilib: “Beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun olan bu meyarlar müasir dövrün tələbidir. Azərbaycan səhiyyəsinin bugünkü inkişafı, xüsusiləşdirilmiş tibb müəssisələrinin avadanlıqla təchizatı bizə imkan verir ki, yeni meyarlara uyğun olaraq, vaxtından xeyli tez doğulanların da həyatı uğrunda mübarizə aparaq”.

Daha sonra səhiyyə işçilərinin “Tərəqqi” medalı, “Əməkdar Həkim” və “Əməkdar Müəllim”, medal və adlarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamı səsləndirilib.

“Səhiyyə əlaçısı”, “Fəxri fərman”lar da tibb işcilərinə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi