Yuxarı

Səhiyyə Nazirliyi jurnalisti əməliyyat edən həkimlə bağlı iddialara münasibət bildirib

Araşdırmaların nəticələri müəyyənləşdirildikdən sonra həkim işdən kənarlaşdırıla bilər

Bakı. 12 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyi (SN) Bakıda bir qrup şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alan və 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişən jurnalist Rasim Əliyevi əməliyyat edən professor Saday Əliyevin bundan əvvəl də bir neçə xəstənin ölümünə səbəb olması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib. 

Nazirliyin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu günə kimi həkim Saday Əliyevlə bağlı quruma heç bir şikayət daxil olmayıb: "Həkimlə bağlı müzakirə və ya araşdırma konkret fakt və şikayət olarsa aparılır".

Nazirlik R.Əliyevin ölüm işi ilə bağlı professor Saday Əliyevin işdən uzaqlaşdırılacağı barədə iddialara da münasibət bildirib: "Yalnız araşdırmaların nəticələri müəyyənləşdirildikdən sonra həkimin işindən kənarlaşdırılması barədə qərar verilə bilər".

Xatırladaq ki, R.Əliyevin ölüm işi ilə bağlı futbolçu Cavid Hüseynov da daxil olmaqla, onun bibisi oğlu Elşən İsmayılov və Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov, eləcə də Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi