Yuxarı

​Səhiyyə Nazirliyi dərman bazarında qıtlıqla bağlı yayılan məlumatlara aydınlıq gətirib

Akineton, Fenazepam və Alflutop adlı dərmanların apteklərdə tapılmaması barədə yayılan məlumatlar əsassızdır

Bakı. 28 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyi son günlər bəzi kütləvi informasiya vasitələrində "Akineton", "Fenazepam" və "Alflutop" adlı dərmanların apteklərdə tapılmaması barədə yayılan məlumatlarla əlaqədar rəsmi açıqlama yayıb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənən, habelə növbəti etapda qiymətlərinin tənzimlənməsi nəzərdə tutulan təsiredici maddəyə malik dərmanların siyahısına daxil deyildir.

"Akineton" adlı dərman vasitəsi Azərbaycanda istehsalçı şirkətin dövlət qeydiyyatından keçməyib və ona görə də bu dərman vasitəsini istehlakçılara almamaq tövsiyə olunur. Amma müalicə həkiminin məsləhəti ilə bu preparatın alternativi kimi dövlət qeydiyyatına alınmış və Parkinson xəstəliyinin müalicəsində effektivliyi və təhlükəsizliyi təsdiqlənmiş Trihexyphenidyl, Carbidopa və Levadopa tərkibli dərman vasitələrindən istifadə etmək olar.

"Fenazepam" preparatı psixotrop dərman vasitəsi olduğuna görə onun aptekdən satışı yalnız müalicə həkiminin təyinatı əsasında reseptlə aparılır.

"Alflutop" preparatının tərkibində xırda dəniz balıqlarının bioaktiv konsentratı var və osteoartrozun, osteoxandrozun, spondilyozun müalicəsində köməkçi vasitə kimi istifadə edilir. Bu cür xəstəliklərin müalicəsi üçün dövlət qeydiyyatında olan bir sıra dərman vasitələri mövcuddur, onlardan Chondroitin sulfat, Glucosamine sulfat və Alendronic acid tərkibli dərman vasitələrini göstərmək olar.

Bütün alternativ dərman vasitələri barədə ətraflı məlumat Analitik Ekspertiza Mərkəzinin www.pharma.az internet saytında verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi