​Respublika üzrə 23 baytarlıq aptekinin fəaliyyəti dayandırılıb

​Respublika üzrə 23 baytarlıq aptekinin fəaliyyəti dayandırılıb Onların icazəsiz fəaliyyət göstərdiyi aşkar olunub
Sağlamlıq
15 Aprel , 2015 23:51
​Respublika üzrə 23 baytarlıq aptekinin fəaliyyəti dayandırılıb

Bakı. 15 aprel. REPORT.AZ/ Aprelin 13-dən başlayaraq respublikanın bir sıra rayonlarında, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən baytarlıq apteklərində baytarlıq nəzarətini həyata keçirmək məqsədi ilə monitorinqlərə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən "Report"a verilən məlumata görə, tədbir Xidmətin 10 aprel 2015-ci il tarixli 37-EZ saylı əmrinə uyğun həyata keçirilir.

Monitorinqin keçirilməsində əsas məqsəd xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyətini müvəqqəti dayandırmaq, apteklərdə qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin satışının qarşısının alınmasıdır.

Monitorinq başlayandan bu günə kimi, yəni aprelin 15-nə kimi Dövlət Xidməti əməkdaşlarının iştirakı ilə aparılan tədbir zamanı Ağcabədi rayonunda 13, Kürdəmir rayonunda 4, Bakı şəhərində isə 6 lisenziyasız fəaliyyət göstərən baytarlıq aptek aşkar edilib. Eləcə də bir sıra baytarlıq apteklərində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatları, yem və yem əlavələrinin satışının aparıldığı müəyyən edilib.

Lisenziyasız fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyəti müvəqqəti dayandırılıb. Qeyri-qanunu satışı aparılan dərman preparatları qanunvericiliyə uyğun olaraq akt əsasında zərərsizləşdirmək məqsədi ilə müsadirə olunub.

Monitorinqlərin mütəmadi aparılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi