Səhiyyə Nazirliyi: "Regionda gərginliyə baxmayaraq, Azərbaycanda epidemioloji sabitlik qorunub saxlanılıb"

Səhiyyə Nazirliyi: "Regionda gərginliyə baxmayaraq, Azərbaycanda epidemioloji sabitlik qorunub saxlanılıb" "Yoluxucu xəstəliklərin monitorinqi aktual məsələyə çevrilib"
Sağlamlıq
11 Yanvar , 2016 15:45
Səhiyyə Nazirliyi: Regionda gərginliyə baxmayaraq, Azərbaycanda epidemioloji sabitlik qorunub saxlanılıb

Bakı. 11 yanvar. REPORT.AZ/ "Tibbin bütün sahələrində olduğu kimi, sanitariya-epidemioloji xidmətinin də fəaliyyətinin müxtəlif istiqamətləri üzrə davamlı inkişafa nail olunub. Yoluxucu xəstəliklərlə mübarizə və onların profilaktikası beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilir. Bu istiqamətdə aparılan tədbirlərin nəticəsində bir çox ölkələrdə və regionda qeyd edilən epidemioloji gərginliyə baxmayaraq, respublikada epidemioloji sabitlik qorunub saxlanılıb". "Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. 

Məlumata əsasən, profilaktik və əksepidemik tədbirlərin səmərəli həyata keçirilməsi, müasir immunlaşdırma strategiyaların tətbiqi və çevik epidemioloji nəzarət sisteminin təşkili nəticəsində bu gün difteriya, poliomielit, qızılca, məxmərək, göyöskürək xəstəliklərinin ölkədə müşahidə edilməməsi, görülən işlərin bariz nümünəsidir: "Poliomielit xəstəliyinin dünya miqyasında ləğvinin yekun mərhələsi kimi peyvənd təqviminə yeni inaktivləşdirilmiş poliomielit vaksininin əlavə edilməsi və bu ilin aprel ayında 3-valentli poliomielit peyvəndinin 2-valentli vaksinlə əvəz edilməsinə hazırlıq işlərinin başa çatması önəmli hadisələrdən biridir".

Nazirliyin yaydığı məlumatda o da qeyd olunub ki, ölkədə həyata keçirilən genişmiqyaslı tibbi-profilaktika tədbirləri nəticəsində artıq 3 ildir ki, malyariyanın yerli yoluxması baş vermir, bu da səhiyyənin böyük uğurudur: "Son illərdə epidemiya və pandemiyaların baş verməsi təhlükəsinin qarşısının alınması istiqamətində yoluxucu xəstəliklərin monitorinqi aktual məsələyə çevrilib. Bu səbəbdən 2010-cu ildən tətbiqinə başlalıan Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi daima yenilənir və təkmilləşdirilir. Bu sistem vasitəsi ilə ölkədə qeydə alınan hər bir yoluxucu xəstəlik hadisəsi barədə onlayn rejimdə məlumat almaq, operativ tədbirləri həyata keçirmək, epidemioloji vəziyyəti, hətta rayon səviyyəsində təhlil etmək imkanları mövcuddur. 

Qeyd edək ki, müvafiq məlumatların birbaşa Ümumdünya Səhiyyə Təşkilatına ötürülməsi təşkilat tərəfindən dəstəklənib və artıq mütəmadi olaraq bu proses həyata keçirilir.

Respublika əhalisinin sanitariya-epidemioloji salamatlığının qorunması sahəsində təhlükəsiz ərzaq məhsulları və su ilə təchizatı müstəsna rol oynayır. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən alınan ən müasir laborator avadanlıq, kadrların yenidən hazırlanması hesabına mikrobioloji və toksikoloji müayinələrin beynəlxalq standartlar səviyyəsində aparılması təmin olunur.

Ölkə ərazisinin təhlükəli yoluxucu xəstəliklərdən qorunması yolunda aparılan məqsədyönlü tədbirlərin həyata keçirilməsi ölkə səhiyyəsinin prioritet fəaliyyət istiqaməti olaraq Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır".

Son xəbərlər

Orphus sistemi