"Quş qripi"nə görə aparılan monitorinqin nəticələri açıqlanıb

"Quş qripi"nə görə aparılan monitorinqin nəticələri açıqlanıb Növbəti monitorinq mayın 4-də başlayacaq
Sağlamlıq
17 Aprel , 2015 14:16
Quş qripinə görə aparılan monitorinqin nəticələri açıqlanıb

Bakı. 17 aprel. REPORT.AZ/ "Quş qripi"nə görə aparılan monitorinqin nəticələri açıqlanıb. Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Onun sözlərinə görə, aprelin 6-dan "quş qripi" xəstəliyinə görə Azərbaycan ərazisində başlanan monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 29 baş çöl quşunun, 5 baş ev quşunun patoloji materialları və ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1988 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinələrdən keçirilib. 

O qeyd edib ki, müayinə olunan nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi müəyyən edilməyib: "Bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb".

Qeyd edək ki, "quş qripi" xəstəliyinin profilaktikası məqsədi ilə Azərbaycan ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb. Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparmasınlar. Eyni zamanda Dövlət Baytarlıq Nəzarəti Xidməti xatırladır ki, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

"Quş qripi" xəstəliyinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Nəzarəti Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcəkdir. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin mayın 4-də başlanması nəzərdə tutulur. Hazırda "quş qripi" xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi