Yuxarı

Azərbaycanda quduzluq xəstələyinin ən çox hansı heyvanlarda rast gəlindiyi açıqlanıb

Yaxın günlərdə heyvanların vaksinasiyasına start veriləcək

Bakı. 19 fevral. REPORT.AZ/ "Keçən il heyvanlardan quduzluq xəstəliyi ilə bağlı 35 nümunə götürülüb və onlardan 26-da xəstəlik aşkar olunub. Nümunə götürülən ərazilərdə isə karantin tədbirləri həyata keçirilərək quduzluq xəstəliyinin təlimatına uyğun dezinfeksiya olunub". Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBXN) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, nümunələr əsasən Şəki, Zaqatala, Balakən, Abşeron, Bakı, eləcə də Ağdam və Ağcabədidə götürülüb: "Xəstəlik əsasən meşə və meşə ətrafı ərazilərdə daha çox qeydə alınır. Xüsusilə də Böyük Qafqaz sıra dağlarının ətəyində olan rayonlarda təsadüf olunur. Ən çox çaqqal, canavar, tülkü və sahibsiz itlərdə quduzluq xəstəliyinə rast gəlinir".

Y.Xanvəli deyib ki, bu il vəhşi təbiətdə olan quduzluğa həssas vəhşi heyvanlarda oral üsulla vaksinasiya aparmaq üçün 50 min doza peyvənd vasitəsi alınaraq ölkəyə gətirilib: "Həmin vaksinlər ilk olaraq Şəki-Zaqatala bölgəsində və Abşeron yarımadasında tətbiq olunacaq. Yəni, aldadıcı yemlərə vaksini qoymaqla həmin heyvanların vaksinasiyası nəzərdə tutulur. Yaxın günlərdə heyvanların oral üsulla vaksinasiyasına start veriləcək. Onu da qeyd edim ki, keçən il sırf quduzluğa görə 248 mindən artıq heyvanda vaksinasiya aparılıb".

O, həmçinin qeyd edib ki, keçən il "quş qripi"nə görə 5 dəfə aparılan seromonitorinq zamanı çöl və ev quşlarından götürülən 7278 qan nümunəsi və patoloji material Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub və nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi aşkar edilməyib.

Son günlər yerli mətbuatda tülkünün bir neçə insanı dişləməsi ilə bağlı yayılan məlumat barədə informasiyalı olduğunu deyən Xidmət rəsmisi deyib ki, həmin tülkü DBXN-ə təqdim edilməyib: "Əgər həmin tülkü bizə təqdim olunsaydı, o zaman məsələ araşdırılaraq tülküdə quduzluq xəstəliyinin olub-olmaması təsbit edilərdi". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi