Bakı. 14 sentyabr. REPORT.AZ/ “Azərbaycanda vaxtı ilə orqan və toxumaların transplantasiyası ilə bağlı qəbul edilən qanunun müddəası tam şəkildə işləmir”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, ölkədə yalnız böyrək və qaraciyərin köçürülməsi aparılmaqla transpalnatalogiya inkişaf edə bilməz: “Ona görə də Səhiyyə Nazirliyinin rəsmiləri Səhiyyə Komitəsinin iclasına dəvət olunmalı və aydınlaşdırılmalıdır ki, əgər bu sahədə heç bir problemlər yoxdursa, niyə bu mexanizmlər həyata keçirilmir? Çünki bu kimi çatışmazlıqlar ölkəmizin imicinə zərbə vurur. Ölkənin səhiyyəsində bu sahədə bir çox imkanlar ola-ola xəstələr məhz xaricə üz tutur. Nəzərə almaq lazımdır ki, hər xəstə müalicə üçün xaricə gedə bilmir. Bundan başqa, xəstənin müalicə üçün xaricə getməsi valyutanın ölkəmizdən kənara axması deməkdir”.
Komitə üzvü bildirib ki, Azərbaycanda hələ də müalicə üçün xəstənin ailə üzvlərinin orqanlarından istifadə edilir: “Donor tapılmayanda isə əməliyyat mümkün olmur. Çünki meyitdən orqan və toxumaların köçürülməsi məsələsi hələ də yoxdur. Həmçinin donor olmaq istəyənlər üçün də mexanizm yoxdur. Mən özüm vəsiyyət yazaraq demişəm ki, öləndən sonra orqanlarım bağışlansın. Amma sabah mənə nəsə olsa, prosesin necə baş verəcəyini bilmirəm. Hər il orqan çatışmazlığından əziyyət çəkən çoxlu sayda gənc dünyasını dəyişir”.
Q.Paşayeva eyni zamanda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbulunun vacibliyinə də toxunub. O bildirib ki, Azərbaycanda övladı olmayan ailələrin boşanması halları kifayət qədərdir: “Adıçəkilən qanun layihəsində bununla bağlı məsələ öz əksini tapıb. Qanuna görə, əgər ər-arvadın 10 il ərzində övladı olmursa, onda dövlət onlara süni mayalanma üçün yardım göstərir. Mütəxəssislər isə bu müddətin çox olduğunu deyirlər. Əgər dövlət vətəndaşa bu imkanı bir dəfə verirsə, deməli bunu ailənin qurulmasından 5 il ötəndən sonra da edə bilər. Çünki övlad olmayanda 10 il müddətinə ailələrin çoxu dağılır. Hesab edirəm ki, qoyulan müddəti 5-6 ilə qədər azaltmaq məsələsinə baxılmalıdır. Burada yaş və digər amillər də rol oynayır”.