Qaxda koronavirusa qarşı qabaqlayıcı tədbirlər görülür

Qaxda koronavirusa qarşı qabaqlayıcı tədbirlər görülür Qax rayonunda koronavirus pandemiyasına qarşı bir sıra qabaqlayıcı tədbirlər görülür.
Sağlamlıq
3 Aprel , 2020 19:26
Qaxda koronavirusa qarşı qabaqlayıcı tədbirlər görülür

Qax rayonunda koronavirus pandemiyasına qarşı bir sıra qabaqlayıcı tədbirlər görülür.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, Qax Rayon İcra Hakimiyyətinin işçiləri, rayon polis şöbəsinin əməkdaşları, o cümlədən müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, könüllülərdən ibarət maarifləndirmə qrupları tərəfindən mütəmadi olaraq koronavirus pandemiyası (COVID-19) ilə bağlı sakinlərlə maarifləndirici söhbətlər aparılır, eyni zamanda karantin rejiminin tələblərini pozan şəxslərə qarşı cərimə tətbiq edilir.

Fəaliyyət göstərməsinə icazə verilmiş obyektlər istisna olmaqla, digər ictimai iaşə müəssisələrinin işləməsi karantin rejiminə uyğun olaraq dayandırılmış və rejim qaydalarının pozulmaması üçün rayon rəhbərliyi tərəfindən onlara nəzarət olunur.

Sakinlərin intensiv hərəkət etdiyi ərazilərdə, prospekt və küçələrdə, ticarət obyektlərinin ətrafında, avtovağzal ərazisində, çoxmərtəbəli yaşayış binalarının həyətlərində və bloklarında davamlı olaraq dezinfeksiya işləri davam etdirilir. Habelə rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən məişət tullantıları konteynerlərinin də mütəmadi yuyulması və dezinfeksiya olunması təmin edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin sosial xidmət işçiləri və İnzibati Ərazi Dairələrində yaradılmış könüllü qruplar tərəfindən tənha yaşayan, həmçinin yaşı 65-dən yuxarı olan vətəndaşlara evlərində sosial xidmətlər göstərilir. Onlara ərzaq və əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində, məişət tullantılarının atılmasında və s. köməklik göstərilir.

Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri də əhalini maarifləndirmək üçün təbliğat xarakterli müxtəlif layihələr həyata keçirirlər. Belə ki, könüllülər tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətinə icazə verilmiş obyektlərin girişində məlumatlandırma xarakterli elanlar yerləşdirilir, maarifləndirici bukletlər paylanılır.

Rayon sakinləri dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər və məqsədyönlü işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirirlər.

Son xəbərlər

Orphus sistemi