Nabil Seyidov: "Pediatrların böyük əksəriyyəti icbari dispanserizasiyanın məqsəd və vəzifələrini yaxşı başa düşür"

Nabil Seyidov: "Pediatrların böyük əksəriyyəti icbari dispanserizasiyanın məqsəd və vəzifələrini yaxşı başa düşür" ​Uşaqların icbari dispanserizasiyasının monitorinqi məqsədi ilə aparılan sorğunun yekun hesabatı olub
Sağlamlıq
9 Mart , 2015 10:07
Nabil Seyidov: Pediatrların böyük əksəriyyəti icbari dispanserizasiyanın məqsəd və vəzifələrini yaxşı başa düşür

Bakı. 9 mart. REPORT.AZ/ Bakıda uşaqların icbari dispanserizasiyası ilə bağlı 6-10-cu sinif şagirdləri, valideynlər və pediatrlar arasında keçirilən sorğunun yekun hesabatı təqdim olunub. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) "Report"a bildirilib ki, keçən ilin noyabr-dekabr aylarında İSİM tərəfindən keçirilən sorğunun əsas məqsədi dispanserizasiya çərçivəsində Bakı şəhərinin nümunəsində ölkədə orta və yuxarı məktəb yaşlı uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin monitorinqi, həyata keçirilən dispanserizasiya prosesinin ümumi qiymətləndirilməsi olub.

Sorğu Bakı şəhər Təhsil İdarəsi ilə əməkdaşlıq çərçivəsində Bakının 11 rayonu üzrə 50 tam orta məktəbdə təhsil alan 11-18 yaşlı uşaqları əhatə edib. Sorğuda 1 446 şəxs iştirak edib. Onların 996 nəfəri uşaq, 400 nəfəri valideyn və 50 nəfəri pediatr olub.

Anonim şəkildə aparılan sorğu vasitəsilə uşaqların sağlamlıq vəziyyəti, fiziki aktivlik səviyyəsi, qida və nutriyentlərin qəbuluna dair vərdişləri, reproduktiv sağlamlıq məsələlərinə dair məlumatlılığı və biliyi də qiymətləndirilib. Bununla yanaşı, araşdırma ilə məktəb yaşlı uşaq və yeniyetmələr arasında zərərli vərdişlərin yayılması dərəcəsini, zərərli vərdişlərə səbəb olan risk faktorlarını müəyyən etmək mümkün olub.

İSİM-in direktoru Ceyhun Məmmədov bildirib ki, 2014-cü il üzrə uşaqların dispanserizasiyası, sağlamlıq vəziyyəti, qidalanması və fiziki aktivliyinə dair sorğu ölkədə ilk dəfə keçirilib: "Sorğunun mahiyyətini uşaq və yeniyetmələrin, habelə onlarla işləyən böyüklərin davranışı, müxtəlif məsələlərə və vərdişlərə yanaşmasının öyrənilməsi təşkil edib".

İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin mütəxəssisi Nabil Seyidov sorğunun yekun hesabatını təqdim edərkən deyib ki, pediatrların böyük əksəriyyəti icbari dispanserizasiyanın məqsəd və vəzifələrini yaxşı başa düşür: "Pediatrların əksəriyyəti əmindir ki, icbari dispanserizasiya vasitəsilə uşaqlar arasında xəstəliklərin erkən aşkar edilməsi və müalicəsini, xroniki xəstəlikləri olan uşaqların isə dispanser müşahidəyə götürülərək davamlı müayinə və müalicəsini təmin etmək olar". 

Qeyd edək ki, tədqiqat "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrası ilə bağlı Səhiyyə Nazirliyinin Tədbirlər Planının müvafiq bəndinə əsasən aparılıb.

Son xəbərlər

Orphus sistemi