Əhliman Əmiraslanov: "Pakistanla tibb təhsili sahəsində əlaqələri genişləndirmək niyyətindəyik"

Əhliman Əmiraslanov: "Pakistanla tibb təhsili sahəsində əlaqələri genişləndirmək niyyətindəyik" ​Azərabycan və Pakistanın tibb universitetləri arasında saziş imzalanıb
Sağlamlıq
13 Mart , 2015 20:07
Əhliman Əmiraslanov: Pakistanla tibb təhsili sahəsində əlaqələri genişləndirmək niyyətindəyik

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanov Pakistanın Şəhid Zülfüqar Əli Bhutto adına Tibb Universitetinin prorektoru, Pakistan Tibb Elmləri İnstitutunun Klinikasının müdiri Cavid Əkrəmi qəbul edib. Bu barədə "Report"a ATU-dan məlumat verilib.

Görüş zamanı Ə.Əmiraslanov bütün sahələrdə tibb təhsili ilə bağlı Azərbaycanın Pakistanla əlaqələrini daha da genişləndirmək niyyətində olduqlarını açıqlayıb: “Bilirik ki, Pakistanın əczaçılıq sahəsində xüsusi uğurları var. Gələcəkdə əlaqələri dərinləşdirsək, hər iki ölkə səhiyyə sahəsindəki uğurlardan bəhrələnə bilər".

Pakistan Tibb Elmləri İnstitutunun Klinikasının müdiri Cavid Əkrəm bildirib ki, ölkələr arasında siyasi əlaqələrlə yanaşı, tibb və səhiyyə sahəsində də əlaqələr çox yüksək səviyyədədir. O, prorektoru olduğu Tibb Universitetinin bir ildir yaradıldığını və bu ali təhsil müəssisəsinin rektorunun Pakistanın Prezidenti olduğunu vurğulayıb.

Onun sözlərinə görə, universitetin nəzdində tibb kolleci, həm də Tibb Elmləri Klinikası fəaliyyət göstərir: "Yaxşı haldır ki, təmsil etdiyimiz universitetlər yalnız tibb təhsili verir. Dünyada belə ali təhsil müəssisələrinin sayı azdır".

Prorektor Cavad Əkrəm ATU-nun mütəxəssisləri ilə birlikdə müştərək təşkilat yaratmaq arzusunda olduqlarını, həm müalicə, həm də akademik tibb sahəsində qarşılıqlı əlaqələr qurmağı, azərbaycanlı alimlərin məqalələrinin Pakistanın elmi jurnallarında dərcinin təşkil olunması istəyində olduqlarını bildirib.

Görüşün sonunda Azərbaycan Tibb Universiteti ilə Pakistanın Şəhid Zülfüqar Əli Bhutto adına Tibb Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb. Saziş universitetlər arasında əməkdaşlığın bütün istiqamətlərini əhatə edir və tibb təhsili sahəsində münasibətlərin inkişafına xidmət edir. Bu sənəd, həmçinin iki ali təhsil müəssisəsi arasında birgə rezident və mütəxəssis mübadiləsinin təşkilini nəzərdə tutur.

Görüşdə ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev, Tədris Terapevtik klinikanın müdiri Surxay Musayev, Stomatologiya Klinikasının müdiri Alqış Səfərov, Tədris Cərrahiyyə Klinikanın müdiri Hacıqulu Bağırov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov da iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi