Oqtay Şirəliyev: "Tibb müəssisələri əhalinin müraciət və xahişlərinə diqqətlə yanaşmalıdır"

Oqtay Şirəliyev: "Tibb müəssisələri əhalinin müraciət və xahişlərinə diqqətlə yanaşmalıdır" Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutunda səhiyyə nazirinin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib
Sağlamlıq
29 May , 2015 18:58
Oqtay Şirəliyev: Tibb müəssisələri əhalinin müraciət və xahişlərinə diqqətlə yanaşmalıdır

Bakı. 29 may. REPORT.AZ/ Bu gün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutunda səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib. Nazirlikdən "Report"a verilən xəbərə görə, kollegiya toplantısı iki əsas mövzuya həsr olunub.

Birincisi, bu il iyunun 1-dən ölkədə tətbiq ediləcək nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına dair, digəri isə Səhiyyə Nazirliyinə daxil olan ərizə və müraciətlərin müzakirəsi olub.

Kollegiyanı giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev ilk olaraq nikaha daxil olan şəxslərin tibbi müayinəsi ilə əlaqədar çıxış üçün sözü Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladova verib.

G.Poladov Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq insanın talassemiya daşıyıcısı və təxminən 300 min talassemiya xəstəsi olduğunu bildirib. Bu xəstəliyin ən çox Kipr, İtaliya, Türkiyə, Yunanıstan, Misir, İran, Pakistan, Hindistan və Çində yayıldığını diqqətə çatdırıb.

O qeyd edib ki, Azərbaycan da bu xəstəliyə düçar olan vətəndaşlar var: "Son illər talassemiya ilə mübarizə istiqamətində mühüm tədbirlər həyata keçirilib". O, həmçinin bu yaxınlarda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri üçün lazım olan tibb müəssisələrinin ünvanlarını açıqlayıb. Onun sözlərinə görə, qarşıda qoyulan bu mühüm və dövlət əhəmiyyətli vəzifənin yerinə yetirilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən ciddi hazırlıq işləri aparılıb.

Daha sonra səhiyyə naziri Oqtay Şirəliyev nikahdan əvvəl icbari tibbi müayinənin əhali, gələcək nəsil üçün bir çox xəstəliklərin vaxtından əvvəl aşkarlanması baxımından böyük əhəmiyyətindən danışıb.

Nazir qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən layihənin işlənib hazırlanması baxımından bütün lazımi tədbirlər yüksək səviyyədə görülüb. Yerlərdə bu işin səmərəliliyinin artırılması, yeni ailə qurmaq arzusunda olan, xoş əhval-ruhiyyədə müraciət edən gənclər elə xoş əhval-ruhiyyə ilə də qarşılanmalı, lazımi qaydada, yüksək səviyyədə müayinə olunmalıdırlar. Qeydiyyat, genetik müayinə, avadanlıqların alınması, görülən işlər, cəlb olunmuş mütəxəssislər bütün bunlar əhalinin sağlam gələcəyi üçün atılan addımlardır və hər bir kəs öz işinin öhdəsindən layiqincə gəlməyi bacarmalıdır.

O.Şirəliyev daha sonra kollegiyanın ikinci mövzusu olan, Səhiyyə Nazirliyinə daxil olmuş müraciət və təkliflərin, habelə qaynar xətt xidmətinə daxil olmuş müraciətlərin araşdırılması mövzusunu önə çəkib. Nazir çıxışında dövlət və ya özəl tibb müəssisələrinin rəhbərlərinə əhalinin müraciət və xahişlərinə diqqətlə yanaşmağı tapşırıb.

Son xəbərlər

Orphus sistemi